"Pensiya və müavinətlərin ardıcıl artırılması Azərbaycanda təkmil sosial müdafiə mexanizminin yaradıldığını və işlədiyini göstərir"


Digərləri 27 Fev 2019 17:25:00 207 0

"Pensiya və müavinətlərin ardıcıl artırılması Azərbaycanda təkmil sosial müdafiə mexanizminin yaradıldığını və işlədiyini göstərir"

Azərbaycanda həyata keçirilən sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin sərəncamları əsasında getdikcə intensivləşir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, sosial müdafiə və sosial təminat siyasətinin şaquli və üfüqi xarakteri özünü maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə artmasında və əhalinin müxtəlif kateqoriyalarını əhatə etməsində göstərir:

"Prezidentin son bir neçə ayda imzaladığı sərəncamlar hələ illər öncə başlanmış böyük sosial müdafiə siyasətinin yeni imkanlara uyğun olaraq davam etdirilməsidir. Məsələ burasındadır ki, sosial müdafiə siyasəti illərdən bəri fasiləsiz davam etdirilsə də, şərti olaraq son bir neçə ildə bu istiqamətdə atılan addımlar 10-15 il əvvəlkilərdən fərqlənir. Fərq sosial təminata ayrılan büdcə vəsaitlərinin böyük olmasında və çoxlu sayda həssas sosial qrupları əhatə etməsindədir. Artırılan minimum əməkhaqqı, minimum pensiya, ehtiyac meyarı, təqaüd və müavinətlərin təkcə adlarını sadalamaq kifayətdir ki, uzun bir siyahı alınsın. Müavinətlərin artırılması barədə son sərəncamın əhatə dairəsinin təhlili göstərir ki, cəmiyyətimizdə, demək olar, bu himayə ilə əhatə olunmayan ailə qalmayacaq. Çünki bütün ailələrdə praktik şəkildə göstərilən kateqoriyalara aid insanlar var. Yaşa, əlilliyə, ailə başçısını itirməyə, dəfnə və doğuma görə, valideynlərini itirmiş uşaqların himayəsinə görə, hətta İkinci Dünya müharibəsi dövründə bu və ya digər formada dəyən zərərə görə və adını çəkmədiyim başqa növ çoxlu müavinətlər, pensiya və təqaüdləri də əlavə etsək, bu, azı iki milyondan çox vətəndaşımızın yaşayışında özünü gündəlik olaraq göstərəcək".

Ekspertin sözlərinə görə, bu mənada, dövlət başçısının sosial müavinətlərin artırılması ilə bağlı sərəncamı əhatə dairəsinin mütləq genişliyi ilə seçilir: "Prezidentin bu sərəncamı xüsusilə o qrup insanlar üçün birbaşa əhəmiyyət daşıyır ki, həmin insanların ölkəmizdə sürətlə inkişaf edən bazar iqtisadiyyatı şəraitində dövlətdən etibarlı və dövlətdən başqa himayə mənbəyi yoxdur. Bu onu sübut edir ki, Prezidentin sərəncamının motivi heç də bəzilərinin qərəzlə dediyi hansısa bir-iki min nəfər iştirakçısı olan mitinqin təsiri yox, dövlət başçısının sivil sosial siyasət prinsiplərinə sadiqliyidir və Azərbaycandakı sosial siyasətin özünün humanizm normalarına dərin tellərlə bağlılığıdır. Ölkənin iqtisadi qüdrəti gücləndikcə sosial sferanın ehtiyaclarına daha çox diqqət ayrılmasının növbəti dəfə şahidi olduq. Artırılan müavinət və pensiyaların aidiyyəti şəxslərin özləri və ailələri üçün nə demək olduğunu real təsəvvür etmək lazımdır. Prezident dövlətimizin bu insanlar qarşısında böyük məsuliyyət daşıdığını və bu məsuliyyətə aylıq, gündəlik işin tərkib hissəsi kimi baxdığını əyani şəkildə göstərdi".

O əlavə edib ki, pensiya və təqaüdlərin, müavinətlərin artımı Azərbaycan iqtisadiyyatının güclənməsinin parlaq əlamətlərindən biri olması baxımından da əhəmiyyətlidir:

"Prezident "iqtisadiyyat gücləndikcə əhalinin müdafiəsi və təminatı da güclənəcək" strategiyasının əsas olduğunu göstərməkdə davam edir. Azərbaycanda iqtisadi sabitləşmə, bunun ardınca iqtisadi islahatlar, sonra dövlətin real gəlir və maliyyə ehtiyatlarının artırılması üzərində sinxron olaraq sosial müdafiə tədbirlərinin gücləndirilməsi - Prezidentin sonuncu sosial müşavirədə ifadə etdiyi bu konsepsiyanı konkret dəstək addımlarının tımsalında görürük. Pensiya və müavinətlərin ardıcıl artırılması Azərbaycanda artıq təkmil sosial müdafiə mexanizminin yaradıldığını və işlədiyini göstərir. Bu mexanizmin davamlı olacağına böyük təminatlar var. Prezidentin sosial dövlət prinsiplərinə üstünlük verir və islahatlar prosesinin dönməzliyini təmin edir".

A.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin ən yeni sərəncamında diqqət çəkən məqamlardan biri isə məcburi köçkünlərin müavinətlərinin artırılması ilə bağlı işlərin davam etdiriləcəyinə təminat verilməsidir: "Məcburi köçkünlərin həm vahid aylıq müavinətlərinin artırılması, həm də onların mənzillə təminatının davam etdirilməsi Azərbaycan dövlətinin ümumilikdə hər bir vətəndaşına dəyər verdiyinin, məcburi köçkünlərin doğma yurdlarına qayıdanadək dövlət himayəsində saxlanacaqlarının və Dağlıq Qarabağ münaqişəsinin həllində bu insanların və bütün xalqımızın mənafelərinin zərrə qədər güzəşt edilməyəcəyinin növbəti qətiyyətli ifadəsidir".