Yeni nəsil nəzarət kassa aparatlarının operatorlarının fəaliyyəti necə olacaq?


Digərləri 27 Fev 2019 15:09:00 249 0

Yeni nəsil nəzarət kassa aparatlarının operatorlarının fəaliyyəti necə olacaq?

Azərbaycanda yeni nəsil nəzarət kassa aparatlarının (NKA) tətbiqi ilə bağlı vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də kassa aparatları ilə bağlı operatorların fəaliyyətidir.

Qeyd edək ki, operator Vergilər Nazirliyinin müəyyən etdiyi tələblərə cavab verən kassa sistemlərinin təchizatını, satışını, nazirliyin xüsusi qurğusu olan nəzarət mexanizm qurğusu ilə təmin edilməsini, qeydiyyatını, sertifikatlaşdırılmasını, servis texniki xidmətlərin göstərilməsini həyata keçirən Vergilər Nazirliyində operator qismində qeydiyyatdan keçmiş rezident hüquqi şəxsdir.

Vergilər Nazirliyindən Son.az-a verilən məlumata görə, yeni nəsil NKA-ların operatoru qismində fəaliyyət göstərmək niyyətində olan istənilən rezident hüquqi şəxs qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verdikdə nəzarət-kassa aparatlarının operatoru olmaq hüququna malikdir. Bunun üçün ayrıca tender keçirilməyəcəkdir. Operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxs operatorlar üçün portal üzərindən gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş ərizəyə məlumatları daxil edərək Vergilər Nazirliyinə müraciət edir. Daxil olan müraciət əsasında hüquqi şəxsin irəli sürülən tələblərə uyğunluğu yoxlanılır və həmin tələblərə cavab verən hüquqi şəxsə texniki sınaq və sertifikatlaşdırma üçün kassa sisteminin modelinin nümunəsinin ekspert komissiyasına təqdim edilməsi barədə bildiriş göndərilir. Texniki sınaq və sertifikatlaşdırma müsbət nəticə verdikdə kassa sistemi dövlət reysterinə daxil edilir və hüquqi şəxsə operator statusu alması barədə bildiriş göndərilir.