Evində ayı saxlayan iş adamı “Məcbur qalıb bağıma gətirdim”


Digərləri 27 Fev 2019 13:47:00 254 0

Evində ayı saxlayan iş adamı  “Məcbur qalıb bağıma gətirdim”

Qubanın Mirzəqışlaq kəndindəki evində ayı saxladığı deyilən məşhur iş adamı Abbas Zeynalov haqqındakı məlumatlara münasibət bildirib. 

Son.az xəbər verir ki, o, bakupost-a açıqlamasında deyib ki, illər öncə bu ayı balasını yaralı halda rəhbəri olduğu restorana gətiriblər və o da saxlamağa qərar verib: "Mən illər öncə Qubada "Orman" adlı restoran işlədirdim. Həmin vaxt bu ayı balasını mənə gətirdilər. Anasını meşədə vurub öldürmüşdülər. Bu balanın da ayağı qırılmışdı, yaralı idi. Biz də onun qayğısına qaldıq, sağaltdıq, bir müddət elə restoranda qaldı. Sonra keçmiş nazir Hüseynqulu Bağırov həmin restoranı dağıtdığı üçün məcbur qalıb, ayı balasını Qubadakı bağıma gətirdim".

A.Zeynalov deyib ki, dəfələrlə Bakı Zooloji Parkının direktoru Azər Hüseynova bu ayını götürüb saxlamaları üçün müraciət edib: "Lakin, Azər müəllim hər dəfə ayının xəstə olduğunu bəhanə edib, heyvana sahib çıxmaqdan imtina etdi. Ayının tez-tez ürəyi gedirdi, qolu qırıq idi, indi də ayağı axsayır. Dövlət qurumları əgər bu heyvana sahib çıxmaq istəyirsə, məmnuniyyətlə bunu dövlətə verməyə hazıram. Mən sadəcə xəstə bir heyvana qulluq edib, onu saxlayıb böyütmüşəm. Bu elə heyvandı ki, açıb meşəyə buraxmaq da olmaz. Mən sadəcə insanlıq eləmişəm, yoxsa o mənim nəyimə lazımdı? Onun saxlanmasına bilirsiz nə qədər vəsait xərclənir?".


Xəbərə aid foto