Prezident İlham Əliyev: "Azərbaycan və Gürcüstanın birgə layihələri həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir"


Siyasət 27 Fev 2019 13:32:00 299 0

Prezident İlham Əliyev: "Azərbaycan və Gürcüstanın birgə layihələri həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir"

"Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda ölkənin və Gürcüstan Prezidenti Salome Zurabişvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə çıxışı zamanı deyib.

Azərbaycanın dövlət başçısı bildirib: "Hörmətli xanım Prezident, hörmətli qonaqlar, sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Mən xanım Prezidenti prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik etdim. Çox şadam ki, qısa müddətdən sonra xanım Prezident Azərbaycana səfər edir. Bu, çox gözəl göstəricidir.

Bu gün biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Regional problemləri, bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı müzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür. Əminəm ki, bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olacaqdır. Biz bu günə qədər bir çox məsələləri birlikdə həll etmişik. Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir. Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik. Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik. Əminəm ki, növbəti illərdə bütün sahələr üzrə əməkdaşlıq daha da dərinləşəcək və genişlənəcək. Bunu bizim siyasi iradəmiz diktə edir. Əminəm ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizə dəstək göstərəcəyik, necə ki, bu günə qədər bütün məsələlərdə həmişə bir yerdə olmuşuq.

Biz bu gün artıq həm xarici siyasət məsələlərini, həm də regiondakı vəziyyəti, bizim nəqliyyat, enerji layihələrinin icrasını müzakirə etdik. Əlbəttə ki, indi bu məsələləri geniş tərkibdə, daha geniş formada müzakirə edəcəyik. Əminəm ki, bu səfərin nəticələri çox müsbət olacaq və bizim əməkdaşlığımıza yeni töhfə verəcək.

Bir daha xoş gəlmisiniz".