Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Ombudsman tərəfindən silsilə tədbirlər təşkil edilib


Digərləri 27 Fev 2019 11:10:00 232 0

Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Ombudsman tərəfindən silsilə tədbirlər təşkil edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatında, onun regional və resurs mərkəzlərində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib.

Bakı. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 5 fevral 2019-cu il tarixli sərəncam imzalanmış və müvafiq tədbirlər planının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hər il olduğu kimi, bu il də həmin faciəni dünya ictimaiyyətinin diqqətinə çatdırılması məqsədilə müvafiq sərəncamla “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilərək icra olunur. Həmin sərəncamla əlaqədar olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatında, onun regional və resurs mərkəzlərində Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib. Trend-in məlumatına görə, Aparatda keçirilən anım tədbirində faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Ombudsmanın Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bəyanatı diqqətə çatdırılıb. Həmin Bəyanatın BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi vurğulanıb. Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və diaspor təşkilatlarımız tərəfindən təşkil olunan anım tədbirləri və konfranslarında Müvəkkilin bəyanatı səsləndirilir və iştirakçılara paylanılır. Ölkəmizin Küveytdəki səfirliyi tərəfindən həmin Bəyanat Küveyt parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir. Bu alayın çoxsaylı ağır texnikası qəfildən şəhərə yeridilmiş, cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc əhalini amansızcasına qətlə yetirmişlər, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır. 27 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış, milli mənsubiyyətinə görə 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirmiş, eyni zamanda çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur. Müvəkkil Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ildə Xocalı soyqırımı ilə bağlı xüsusi müraciətinin olduğunu, həmin ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin bu soyqırıma hüquqi-siyasi qiymət verdiyini söyləyib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 il davam edən bu təcavüzə son qoyulmasına, münaqişənin sülh yolu ilə nizamlanmasına mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür, münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının, məcburi köçkünlərinin öz yurdlarına qaytarılmasının zəruriliyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların qarşısında qaldırır. Bu isə beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən son dövrdə Avropa Parlamentinin 12 dekabr 2018-ci ildə qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünün bir daha vurğulandığı Qətnamədə öz əksini tapmışdır. Heydər Əliyev Fondunun dəstəyi və vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsini dünyaya soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Artıq 10-dan çox dövlətlərin parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normalarına əsaslanaraq tanımış, ABŞ-ın 22 ştatının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur. Qeyd olunub ki, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı bu Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Lakin təəssüf ki, tarix boyu azərbaycanlılara qarşı törədilən soyqırımı aktları, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almamış, bu beynəlxalq cinayəti təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməmiş, onlara indiyədək layiq olduqları cəzalar verilməmiş və bu məqsədlə hər hansı bir tədbir görülməmişdir.