Efiopiyada Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib (FOTO)


Digərləri 27 Fev 2019 10:38:42 195 0

Efiopiyada Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib (FOTO)

Azərbaycanın Efiopiyadakı səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Liderlik İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Bakı. Azərbaycanın Efiopiyadakı səfirliyinin təşkilatçılığı ilə Beynəlxalq Liderlik İnstitutunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən səfir Elman Abdullayev Xocalı soyqırımının XX əsrdə bəşəriyyət və insanlıq əleyhinə törədilmiş ən ağır və qanlı cinayətlərdən biri olduğunu deyib. O, Xocalı faciəsi barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsi və ermənilərin mənfurluğunu, aqressivliyini, şovinizmini nümayiş etdirən tarixi gerçəklikdir. Səfir Elman Abdullayev Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində geniş və əhatəli iş aparıldığını diqqətə çatdırıb. Nəticədə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Xocalı soyqırımına həsr olunmuş film nümayiş etdirilib. Tədbirin sonunda efiopiyalı iştirakçılar “Xocalıya ədalət!” şüarı qaldıraraq, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdiriblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin