Şahidlərin ağrılı-acılı xatirələrində Xocalı soyqırımı (FOTO)


Digərləri 27 Fev 2019 00:24:00 266 0

Şahidlərin ağrılı-acılı xatirələrində Xocalı soyqırımı (FOTO)

Bu şəhərin adı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciə barədə bilən hər kəsin ürəyində dözülməz ağrı ilə hay verir.

Bakı. Vüqar İmanov - Xocalı. Bu şəhərin adı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciə barədə bilən hər kəsin ürəyində dözülməz ağrı ilə hay verir. Erməni silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq Xocalıya ağır hərbi texnika yeridib, yerlə-yeksan edilən şəhərin dinc əhalisinə görünməmiş qəddarlıqla divan tutub. Bu aqressiya zamanı şəhərin 613 sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Bakı Tədris və İnkişaf Mərkəzində dəhşətli faciənin iştirakı ilə tədbir keçirilib. Bunu Trend-ə AQSİA-nın Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib. Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Möcüzəvi şəkildə ölümdən xilas olan Xocalı şahidləri Ceyran Əzizova və Fiqurə Rüstəmova yaşadıqları bütün dəhşətlər barədə danışıblar. Xocalı əvvəlcə dörd tərəfdən erməni qoşunları tərəfindən mühasirəyə alınıb, bundan sonra şəhər artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəşə tutulub, şəhərdə qısa müddət ərzində yanğın baş verib, şəhər tamamilə alova bürünüb. Xocalı bir gecəyə yerlə-yeksan edilib. Məqsədləri ancaq dinc əhaliyə qarşı qırğın törətmək olan erməni silahlıları heç nə qarşısında dayanmayıblar. Şəhəri tərk etmək məcburiyyətində qalan yerli sakinlər dağ və meşələrə qaçıblar. Silahlanmış ermənilər hər yerdə dinc əhalini güllələyiblər, onlara amansızlıqla divan tutublar. Bununla da soyuq, qarlı fevral gecəsində çoxlu qoca, qadın və uşaq əsir düşüb, girov götürülüb və amansız zorakılığa və təhqirlərə, çox əzablı ölümə məruz qalıb. Nə qədər insan erməni silahından meşə və dağlara qaçsa da onların əksəri soyuq və şaxtadan ölüb... Bu, əsl soyqırımdır.