Leyla Əliyeva “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Ağrı gecəsi” adlı tədbirdə iştirak edib (FOTO)


Digərləri 26 Fev 2019 22:44:27 182 0

Leyla Əliyeva “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Ağrı gecəsi” adlı tədbirdə iştirak edib (FOTO)

Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində “Ağrı gecəsi” adlı tədbir keçirilib

Bakı. Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə fevralın 26-da Bakı Konqres Mərkəzində “Ağrı gecəsi” adlı tədbir keçirilib. Trend-in məlumatına görə, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Tədbirdə, həmçinin Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, deputatlar, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Əvvəl faciə qurbanlarının xatirəsi yad olunub. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tədbirdə çıxış edərək bildirib ki, xalqımız son iki əsrdə erməni millətçiləri tərəfindən dəfələrlə soyqırımına məruz qalıb. Sonuncu dəhşətli faciə Xocalıda törədilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşər tarixində misli görünməmiş soyqırımı həyata keçiriblər. Həmin gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinə dörd tərəfdən hücum ediblər. Dinc əhaliyə qarşı həyata keçirilən bu soyqırımı nəticəsində bir gecədə 106-sı qadın, 63-ü uşaq, 70-i ahıl insanlar olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Xüsusi vurğulanıb ki, təkcə xalqımıza qarşı deyil, bütün insanlığa qarşı törədilmiş Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası soyqırımının tanınmasında mühüm rol oynayıb. Bu istiqamətdə iş ardıcıl davam etdirilir və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin miqyası ildən-ilə daha da genişlənir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Xocalı faciəsinin tariximizin silinməz qanlı yaddaşı olduğunu diqqətə çatdırıb. O bildirib ki, 27 il əvvəl Xocalıda dinc soydaşlarımıza qarşı misli görünməmiş qanlı qırğın törədilib. Yüzlərlə soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilib. Bu qətliam barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində sistemli işin uğurla nəticələndiyini deyən Fuad Hüseynov bu yöndə səylərin birləşdirilməsinin vacibliyini qeyd edib.