Sarsaq çox zaman ağıllıdır


Digərləri 26 Fev 2019 21:49:00 269 0

Sarsaq çox zaman ağıllıdır

Son.az ayna.az-a istinadən İbrahim Nəbioğlunun yazısını təqdim edir

Axmağın biri bank soymaq istəyir. Tanınmamaq üçün üzünə limon suyu sürtür. Bu şəkildə üzünün görünməyəcəyinə inanır. Soyğun uğursuzluqla nəticələnir, adam yaxalanır. ABŞ-ın nüfuzlu Kornel universitetindən psixoloqlar professor Danninq və onun aspirantı Kryuger bu hadisədən ilham alaraq psixologiyaya yeni bir anlayış gətirirlər.

Danninq-Kryuger (Dunning-Kruger) effekti koqnitiv təhrif sayılır. Səriştəsiz insanlar hər zaman səhv nəticələrə gələrək yanlış qərarlar verir, bilik və bacarıqları aşağı səviyyədə olduğu üçün də səhvlərini görmürlər. Bu da onlarda özləri haqda yüksək fikir formalaşdırır. Peşəkarlar isə əksinə - öz bacarıqlarını gözə soxmur, təvazökarlıq edir, özlərinə az güvənir, başqalarını daha qabiliyyətli görürlər. Yəni, səriştəsiz və işbilməzlər özləri haqda yüksək düşüncəyə sahib olur, işinin ustaları isə öz qabiliyyət və bacarıqlarını kiçik görür, ətrafdakıların da onları elə gördüklərini düşünürlər. Səhvlərini görməyən adam hər zaman haqlı olduğuna inanmağa başlayır və nəticədə özünü hamıdan üstün görməyə alışır.

Danninq-Kryuger effekti həyatda tez-tez rastlaşdığımız psixoloji paradoksdur:

"Səriştəsiz adam özünü peşəkar, peşəkar isə özünə təvazökar gözlə baxır".

Psixoloqlara görə bu effektə düçar olan biri aşağıdakı xüsusiyyətlərə malikdir:

öz səriştəsizliyini (axmaqlığını) qəbul etmir;

başqalarının daha ağıllı (bacarıqlı) ola biləcəyinə inanmır;

qeyri-adekvat (sarsaq ) olduğunu rədd edir;

özünə sonsuz dərəcədə güvənir.

Professor Danninq nadan və qanmaz adamın beynini təcrübəsizlik, nizamsız nəzəriyyə, təsdiqlənməmiş fakt, səhv alqoritm və əsassız təxminlərlə doldurulmuş qazana bənzədir. Beləsi illüziyalara elə qapılır ki, "Burda mənəm, Bağdadda kor xəlifə" ədası ilə özünü az qalsın parlaq zəka sahibi kimi görməyə başlayır.

"Axmaq axmaq olduğunu anlayanda artıq axmaq deyil" - Fyodor Dostoyevski

İnsan bilgisi, ağlı və paradıqmaları ilə yaşadığı dünyanı dərk etməyə cəhd edəndə müxtəlif ideyalar formalaşdıraraq onları təsdiqləyən informasiyalar axtarmağa başlayır. İnsana şəxsi nəzəriyyələri əsasında təcrübəsini interpretasiya etmə xüsusiyyəti xasdır. Cəhalət və avamlıq Danninq-Kryuger effektinə məruz qalanlarda özlərinə elə güvən və inam yaradır ki, o adamlara səhv olduqlarını izah etməyə çalışsan kəskin aqressiya ilə qarşılaşırsan.

Biri yaxşı şahmat oynadığını düşünür, çünki dostlarını asanlıqla udur. Ondan güclüsünün olmadığını deyir və gedir yarışlara qatılır. Elə ilk oyundaca "detskiy mat" edib, evinə göndərirlər. Halbuki Fişeri də udacağına inanırdı, şahmat dahisi sanırdı özünü. Bu yerdə Bertran Rasselin anlamlı kəlamını yada salmaq lazımmdır: