Ruhumda bədən də qalmır – Musa Yaqubdan


Digərləri 26 Fev 2019 21:24:00 238 0

Ruhumda bədən də qalmır – Musa Yaqubdan

Son.az lent.az-a istinadən Musa Yaqubun yeni şeirlərini təqdim edir:

Nə deyim...

Deyəsən, ruhumda bədən də qalmır,

Ruhum, tələs görüm, ürəyim, tələs!

Evdə tək adamım gözləyir məni...

Bir də alovlandır çıraqlarımı,

İlahi, sən məni özümə qaytar,

Özümünkü elə ayaqlarımı.

Ayağım, dayağım yubanma, görüm;

Durub artırmada boynu bükülü,

Ocağım sönsə də, yandırır külü.

Külü yandırırsa, özü hardadır?

Əgər söz veribsə, özü hardadır?..

Əli sahmandadı, gözü keşikdə.

Gözünün xumarı gözləyir məni,

Əlinin tumarı gözləyir məni.

Mən isə həmişə pintinin biri,

Yəqin, paltarımı salır sahmana,

Keçim yan otağa, görüm ordadır?..

Yoxdur... yoxdur... burda da yoxdur...

Məni gecikməyim qoyubdur naçar - 

Dayan... dayan...

Qapısı açıqdır, üstündə açar - 

Qoy girim içəri...

Bəs sən hardasan, a zalım qızı?..

- Bay... sən gəlmisən?

Deyəsən, sənin də gözlərin qızıb,

Məni görmürsənmi arxın suyunda?

-  Hə doğrudan... Sən Allah, bağışla məni.

-  Tut məni, tut məni axıb gedirəm,

Bir anlıq dünyaya baxıb gedirəm.

Qaldır körpüyə, yapış əlimdən,

Xoş sözlər eşidim sənin dilindən.

Bəs hanı əllərin? Bərk yapış görüm!

Bu sənin əllərin tanış deyildir.

Bu çinar yarpağı, bu cökə yarpağı,

Bu tut yarpağıdır, tut deyirəm, tut!

-  O əllər, o gözlər hardadır Allah?

Hər yeri axtardım tapa bilmədim

Bəlkə də, darıxıb qonşuya keçib.

-  Heç vaxtı varmı ki, qonşuya keçsin?

-  Əsmər xala, ay Əsmər xala,

-  Nədi? Ay bala!

-  Sən Allah, onu görməmisənmi?

-  Bu gün kim isə dəydi gözümə.

Deyəsən, o idi nə deyim, Vallah...

Bir zərr asılmışdı incə telindən,

Saçı xumar idi, səba yelindən.

Amma kədərliydi yaman dərindən - 

Almışdı üzünü qara buludlar,

Dəryanın suları gözündə idi.

Dünyanın kədəri üzündə idi... -