Ermənistan müdafiə naziri nə demək istəyib?


Dünya 26 Fev 2019 21:07:00 221 0

Ermənistan müdafiə naziri nə demək istəyib?

Ermənistan müdafiə strategiyasını dəyişir və yeni silah növləri əldə edərək, hücum strategiyasını tətbiq etməyə başlayır, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bəyan edib.

"Psixologiya dəyişir, yanaşmalar dəyişir. Çünki müdafiə vəziyyətində olan ordular adətən məğlubiyyətə uğrayırlar. Odur ki, müdafiə mövqelərində qalmaq niyyətində deyilik", - Tonoyan deyib.

Onun sözlərinə görə, döyüş təhlükəsi yaranarsa, "biz də ləngiməyəcəyik".

Aparıcının "Bu, Ermənistanın da hücuma keçəcəyi deməkdirmi" sualının cavabında David Tonoyan deyib: "Niyə də yox?".

Ermənistanda təhlilçilər hesab edir ki, nazir Tonoyan Azərbaycan "hücum edərsə, biz də preventiv hücum edəcəyik" demək istəyib.

Azərbaycan Müdafiə Nazirliyi isə hesab edir ki, Tonoyanın fikirləri "populist"dir və "yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir".

Çoxlu silah

Erməni nazir Ermənistan ordusunun silahlanma yarışına qoşulmaq niyyətində olmadığını və öz cəbbəxanasını "qarşı tərəfin istənilən qəsdlərini neytrallaşdırmağa imkan verən" silahla tamamladığını bildirib.

Nazir Ermənistanın Azərbaycanla "demoqrafiya və iqtisadi planda rəqabət imkanı" olmadığını qeyd edib və bu səbəbdən silahlı qüvvələrdə keyfiyyət dəyişikliyi edildiyini bildirib.