"Qara qar çiçəyi" hekayəsi əsasında tamaşa təqdim edilib (FOTO)


Digərləri 26 Fev 2019 18:13:00 212 0

"Qara qar çiçəyi" hekayəsi əsasında tamaşa təqdim edilib (FOTO)

Azərbaycan Dövlət Musiqili teatrında Gənclər və İdman Nazirliyi tərəfindən “Xocalıya ədalət kampaniyası” çərçivəsində "Qara qar çiçəyi" hekayəsi əsasında tamaşa təqdim edilib.

Bakı. Azərbaycan Dövlət Musiqili teatrında Gənclər və İdman Nazirliyi tərəfindən “Xocalıya ədalət kampaniyası” çərçivəsində "Qara qar çiçəyi" hekayəsi əsasında tamaşa təqdim edilib. Trend-in məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Dövlət rəsmiləri, Milli Məclisin üzvləri və digər qonaqlar iştirak ediblər. "Qara qar çiçəyi" hekayəsi əsasında hazırlanan tamaşanın müəllifləri Yefim Abramov (İzrail) və Leyla Bəyim Cəfərova, rejissoru xalq artisti Vaqif Əsədovdur. Əsər 2017-ci ildə Londonda Xocalı faciəsi ilə bağlı keçirilən beynəlxalq müsabiqədə qalib gəlmişdr. Tamaşa Xocalı soyqırım qurbanlarının xatirəsinin yüksək səviyyədə qeyd edilməsi və Faciənin 27-ci ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 fevral 2019-cu il tarixdə imzalanmış müvafiq Sərəncamı əsasında gerçəkləşdirilmişdir. Tamaşa, Sərəncamdan irəli gələn müddəaları təmin etmək və eyni zamanda, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına (gənclər arasında vətənpərvərlik, dövlətçilik,milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması) müvafiq olaraq keçirilib. Məlum olduğu kimi, 2008-ci ilin may ayından Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olunması, beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Leyla Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət” kampaniyası vasitəsilə faciə barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunur, kampaniyanın dəstəyi ilə bu günədək müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunan çoxsaylı tədbirlər keçirilir, geniş təbliğat-təşviqat işi aparılır. Kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanınması və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunub.