Azərbaycanda milyonları sevindirəcək qərarlar


Siyasət 26 Fev 2019 09:38:11 204 0

Azərbaycanda milyonları sevindirəcək qərarlar

Kainatın həddini və sərhədlərini hesablamaq olar, amma insan axmaqlığının sərhədi yoxdur.

Albert Eynşteynin bu sözlərini AXCP və "Milli Şura" rəhbərlərinin davranışlarına, "siyasət" adlandırdıqları marginallığa şamil etmək olar.

"Milli Şura"nın sədri, "Professor" kimi tanınan Cəmil Həsənlini qoyaq bir kənara: zatən, adamın özü siyasətin mərkəzində olduğunu sürəkli və fasiləsiz iddia etsə də, primitiv məntiqdən belə, kənar davranış sərgilədiyindən ciddi şərh olunası siyasi fiqur deyil. Əslində, heç zaman belə şəxs də olmayıb.

AXCP sədri Əli Kərimliyə gəldikdə isə o, mitinq eyforiyasının mövcud olduğunu düşünərək siyasi möhtəkirliklə məşğuldur. Azərbaycan hakimiyyətinin son aylarda reallaşdırdığı sosial təminat paketinin elementlərini əlində bayraq edən, iqtidarın reallaşdırdığı və dövlətin vətəndaşının qayğısına qalma göstəricisinin artdığını göstərən elementləri "mənimsəyib" öz adına çıxaran Əli Kərimlinin yanvarın 19-dan bəri lüğətində daim təkrarlanan bir ifadə var: "Onlar mitinqdən sonra belə etdilər".

Əli Kərimli hakimiyyətin gedişlərini, qərarları və sərəncamları "qələbə"ləri kimi qələmə verməyə çalışır, onun sosial şəbəkədəki trol dəstəsi isə əsl oyunbazlıqla məşğul olur.

Onun Facebook-dakı son paylaşımlarından biri isə marazm rekordsmeni sayıla bilər: "Mitinqlərlə nə olacaq?", "icazəli də mitinq olar?", "bizim xalq bir şey edə bilməz", "tək mənim gəlməyimlə nə dəyşər?" deyən həmvətənlər, baxın görün, 19 yanvar mitinqi və sonrakı israrlı mitinq tələblərimiz hansı xarüqələr yaradır. İndi özünüz fikirləşin, 50 minlik mitinq bu ölkəni necə dəyişər? Bəs 100 minlik? Özünüzə inanın, əziz həmvətənlər, biz nəinki sosial vəziyyətimizi yaxşılaşdıra, hətta bütövlükdə ölkədə köklü dəyişikliklərə nail ola bilərik. Hamılıqla 2 mart mitinqinə hazırlaşaq!"

Zavallı şüar sahibi hələ də dərk etmək istəmir, daha doğrusu dərk etməkdən qorxur ki, "Məhsul" kimi mini-stadiona lap 100 min insan yığışsa belə bu olay dövlətin daxili siyasətinin, xüsusilə də sosial sahə təki büdcə ayırmalarının dəqiqlik tələb etdiyi sahəsinin spontan dəyişikliklərinə səbəb ola bilməz.

Beləliklə, Əli Kərimli və Cəmil Həsənli hadisə ilə proses arasındakı dissonansın, ahəngsizliyin qurbanı olublar. Çünki mitinq bir hadisədir və siyasət adlı prosesin hissəsidir. Onu yada salmaq, aktivləşdirmək və gerçəkləşdirmək üçün proses davam eləməlidir.

Əli Kərimlinin siyasi isteriyası, sadəcə, propaqandadır. Belə propaqanda gedişlərini Ukraynada, Qırğızıstanda, Gürcüstanda ediblər.

Onda AXCP və "Milli Şura" fil qulağında yatmışdılar. İndisə əyyam başqadı.

Bir daha vurğulayaq ki, hökumətin problemli kreditlərlə bağlı tətbiq etməyə hasırlaşdığı güzəşt çox ciddi hadisədir və bunun təsiri, demək olar ki, hər evə, hər ailəyə olacaq. Azərbaycanda problemli kreditlərlərlə bağlı vəziyyət ağırdır və verilən kreditlərin 12%-i geri qayıtmayıb.

Aşağı instansiya məhkəmələrində baxılan və baxılmaqda olan işlərin yarıdan çoxu problemli kreditlərlə bağlıdır. Məhkəmə icra şöbələrində külli miqdarda kredit işi var. Hökumətin edəcəyi güzəşt vətəndaşları da, ədliyyə orqanlarını da böyük yükdən azad edəcək. Bundan başqa, qaytara bilmədiyi kreditlər üzündən fəaliyyətlərində ciddi problemlər yaşayan xırda sahibkarlar da dirçələcək.

Batmaqda olan banklar da bu yolla xilas ediləcək. Geri qayıtmayan 1 milyard 700 milyon manata yaxın vəsaitin əhəmiyyətli hissəsi yenidən bankların ixtiyarında olacaq.

Bundan sonra güman etmək olar ki, vətəndaşlar da kreditlərə daha ağıllı yanaşacaq, banklar isə riskləri düzgün qiymətləndirəcək.

Hökumətin sosial addımları isə yalnız alqışa layiqdir. Bura təkcə problemli kredit güzəştləri yox, minimum əmək haqqının, əmək pensiyalarının minimum həddinin, sosial müavinətlərin əhəmiyyətli dərəcədə artması, tələbə təqaüdlərinin artırılması və s. daxildir.

Problemi kredit məsələsinin şüur problemi

AXCP və "Milli Şura" martın 2-də "Məhsul" stadionunda keçirmək niyyətində olduğu mitinqin başlıca şüarını "Problemli kreditlər məsələsi həll olunsun!" kimi səsləndirir.

Əli Kərimli-Cəmil Həsənli dueti və onlara dəstək verən kiçikalibrli digər müxalifət funksionerlərinin iddialarına görə, sən demə, Azərbaycanda hakimiyyət bu problemi həll etmək istəmir.

Yenə yalan danışırlar. Özü də ağ yalan, gözlərinin içlərinədək.

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə keçirilib.

Dövlət başçısı müşavirədə çıxışında deyib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.

"Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil", - dövlət başçısı deyib.

Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsi mütləqdir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir.

İlham Əliyev daha sonra söyləyib: "Bir məsələni də qeyd etmək istəyirəm. Artıq bir neçə aydır ki, ciddi sosial paket üzərində iş aparılır. Bu sosial paketin ilk təzahürləri haqqında mən artıq bildirdim, minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq.

Yəni, bütün bunlar - bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütün bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq".

Bir düşünün - 2,2 milyon vətəndaşın problemli kredit müşkülü çözüləcək.

Əli Kərimli, Cəmil Həsənli və ilaxırlar - buna sözünüz nə?!

Dəyişən sosial müavinətlər

Dövlət başçısı dünən əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sənəddə sosial müavinətlərin artımı belə nəzərdə tutulub:

Yaşa görə sosial müavinətin məbləğinin 130 manata çatdırılması;

Sosial müavinətin məbləğinin I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata çatdırılması;

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinətin məbləğinin 150 manata çatdırılması;

Ailə başçısını itirməyə görə sosial müavinətin məbləğinin 80 manata çatdırılması;

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin 100 manata çatdırılması;

Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına sosial müavinətin məbləğinin 100 manata çatdırılması;

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin hər uşaq üçün 55 manata çatdırılması;

Uşağın anadan olmasına görə sosial müavinətin məbləğinin 200 manata çatdırılması;

Dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 300 manata çatdırılması;

I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;

Müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;

Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılması;

Əillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) şamil olunması və məbləğinin 100 manata çatdırılması;

1941 - 1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 150 manata çatdırılması.

Maaşlar daha da artacaq

Bu il minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırıldı - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıb. Bu, 600 min insanı əhatə edir.

Ancaq dövlət başçısı artımın bu həddi ilə kifayətlənmək niyyətində deyil.

Prezident İlham Əliyev deyib: "O da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın. İndi bunun maliyyə yükünü, əlbəttə ki, biz qiymətləndirməliyik. Əlbəttə ki, gələcəkdə minimum əməkhaqları və pensiyalar ardıcıl olaraq artırılacaq.

Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil. Əlbəttə ki, əməkhaqlarının, pensiyaların artırılması gündəlikdə duran əsas məsələlərdən biridir. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq".

Dedi, etdi

Hələ keçən ilin dekabr ayında hərbçilər üçün inşa edilmiş yeni binanın açılışı zamanı İlham Əliyev demişdi ki, şəhid ailələrinin sosial məsələləri öz həllini tapacaq. Prezident seçkilərindən sonra dövlət başçısının imzaladığı ilk fərman şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı idi. Siyahılar dəqiqləşdirilirdi və ilkin təhlil onu göstərdi ki, təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcək.

Sonra dəqiqləşmə aparıldı. Dekabr ayında İlham Əliyev bildirdi ki, dəqiqləşmə nəticəsində bu rəqəm artacaq və artdı. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır.

Bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə onlar məsələ qaldırdılar ki, müavinətlər də artsın. Dərhal fərman imzalandı və bu müavinət 242 manatdan 300 manata artırıldı. Maddi imkanlarımız artdıqca, əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaq. Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət də bu yaxınlarda artırılmış, 220 manatdan 300 manata qaldırılmışdır. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu məsələlərlə bağlı hökumət ardıcıl olaraq öz siyasətini aparırıq. Maddi imkanlar artdıqca, ilk növbədə, bu məsələlər həll edilir.

Məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramları icra ediləcək. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Müvafiq göstərişlər verildi. Həm bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcək.

Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək.

Prezident bildirib: "Bu günə qədər mənzil almayan bütün şəhid ailələri əminəm ki, növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib".

Uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri də vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi idi.

"Biz bu məsələyə də son qoyduq. İmzaladığım Fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Dörd yüz çoxmənzilli binada təxminən 60 minə yaxın ailə yaşayır. O vətəndaşların ailə tərkibləri təqribən toplam 300-400 min arasıdır. Yəni, bu da çox ciddi addım idi. Biz bunu da həll etdik. Tələbələrin təqaüdləri artırıldı. Təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı. Bu da çox ciddi sosial addımdır. Gələcəkdə yenə də artım nəzərdə tutulur", - Azərbaycan Prezidenti deyib.

Bu, çox ciddi sosial paketdir.

Bu paketin reallaşması, ilk növbədə, güclü siyasi iradəyə söykənir.

Dövlət başçısının bəyanına fikir verin: "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizdə güclü iradə, güclü sosial siyasət var".

İlham Əliyev bu günədək istər sosial, istərsə də digər məsələlərlə bağlı dediklərinin hamısına əməl edib. Həqiqətən də, prezident söz adamı yox, əməl adamıdır.

Əgər prezident bir məsələni dilə gətirib deyirsə, demək ki, artıq bu məsələ həyata keçirilir və çox qısa zamanda həyata keçiriləcək.

İlham Əliyev 2019-cu ilin əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənəcəyini deyib.

Belə də olacaq.

Elçin Alıoğlu Son.az