“Kaspi” liseyində Xocalı faciəsinin ildönümü ilə əlaqədar veteranlarla şagirdlərin görüşü keçirildi FOTO


Digərləri 25 Fev 2019 18:29:00 219 0

“Kaspi” liseyində Xocalı faciəsinin ildönümü ilə əlaqədar veteranlarla şagirdlərin görüşü keçirildi  FOTO

"Kaspi" liseyində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar veteranlarla şagirdlərin görüşü keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, "Kaspi" liseyinin Ağ şəhər filialında Respublika Veteranlar Təşkilatının nümayəndələrinin, Böyük Vətən müharibəsi veteranlarının, liseyin müəllim və şagird kollektivinin iştirakı ilə Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə şagirdlərin Xocalı faciəsinə həsr edilmiş əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Sərgidə nünayiş etdirilən rəsmlər veteranlarda dərin təəssuratlar oyadıb.

Daha sonra tanınmış yazıçı, publisist Hüseynbala Mirələmovun "Xəcalət" povesti əsasında hazırlanmış kompazisiya nümayiş etdirilib. Şagirdlər ifaları ilə öz dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın vətən nisgilini, el-oba həsrətini və düşdükləri çarəsiziyi gözlər önünə gətirdi. Səhnə əsərində müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilmiş və qaçqınlığın bu gün dünyanı narahat edən problemə çevrilməsinə xüsusi diqqət yetirilmişdir. Kompozisiya yadda qalan olmuşdur.

Tədbirdə Kaspi" Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva Xocalı faciəsinin 27-cü ildönümü ərəfəsində rellaşan tədbirin məqsədi barədə məlumat verib. S.Vəliyeva gənclərimizin, o cümlədən şagirdlərin Azərbaycan ilə bağlı tarixi həqiqətləri, xalqımıza qarşı törədilən faciələri dərindən bilmələri, milli yaddaşımızın möhkəmlənməsi baxımından belə tədbir və görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. Ermənilərin xalqımıza qarşı törətdikləri faciələri, qətliamları "dənizdən dənizə böyük Ermənistan" xülyasının reallaşdırılması planının tərkib hissəsi olduğunu diqqətə çatdırıb. S.Vəliyeva Xocalı faciəsinin araşdırılmasının və qan yaddaşımıza həkk olunmasının gənclərin milli ruhda yetişməsi baxımından vacibliyini qeyd edib. Bildirib ki, hər bir gəncin Vətən, dövlət qarşısında vətəndaşlıq borcu var. Gənclərimiz onların təhsil almaları üçün yaradılan şəraitdən istifadə edib vətənpərvər şəxslər kimi yetişməlidirlər. Onlar ölkəmizin ərazi bütövlüyünün bərpası üçün torpaqlarımızı hər an işğaldan azad etməyə hazır olmalıdırlar.

Bu qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl işlərin aparıldığını vurğulayan S.Vəliyeva faciəyə ilk siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirib. Diqqətə çatdırıb ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib. Sonrakı dövrdə də Ulu Öndər Xocalı faciəsi ilə bağlı bir neçə sərəncam imzalayıb. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövlətinin, həmçinin Heydər Əliyev Fondunun son illərdə həyata keçirdikləri tədbirlərin əhəmiyyətini xüsusi qeyd edən "Kaspi" Təhsil Şirkətinin təsisçisi ardıcıl fəaliyyət nəticəsində son illərdə dünyanın ondan çox ölkəsinin Xocalı soyqırımını tanıdığını vurğulayıb.