Sahil Babayev Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüşüb (FOTO)


Digərləri 25 Fev 2019 17:34:11 196 0

Sahil Babayev Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüşüb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüş keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş şəxslərlə görüş keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə soyqırım zamanı həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 27 il əvvəl ermənilərin öz havadarları ilə birgə Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımın bəşər tarixinə böyük qanlı faciə, insanlığa qarşı tarixi cinayət kimi daxil olduğunu bildirib. Nazir qeyd edib ki, Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələri dinc şəhər sakinlərindən ibarət 613 azərbaycanlını (o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı) xüsusi qəddarlıqla qətlə yetirib. 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərinin birini itirib. 1275 nəfər girov götürülüb, yüzlərlə dinc sakin ağır xəsarətlər alıb. Çoxsaylı şəxs əsir və girov götürülərək amansız işgəncələrə məruz qalıb. Xocalı şəhərinin infrastrukturu tamamilə dağıdılıb və yandırılıb. S.Babayev ümummilli liderimiz Heydər Əliyevin xüsusi müraciəti əsasında 1994-cü ilin fevral ayında Milli Məclisin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini deyib. O, bildirib ki, Azərbaycan bu gün güclü bir orduya malik olsa da, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev münaqişənin beynəlxalq hüquq müstəvisində sülh yolu ilə nizamlanması üçün məqsədyönlü siyasət aparır, ardıcıl səylər göstərir.