Sabiq deputat çayçısının adına 5.3 milyon manatlıq kredit götürüb


Kriminal 25 Fev 2019 15:04:00 299 0

Sabiq deputat çayçısının adına 5.3 milyon manatlıq kredit götürüb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ramis Kərimov ifadə verib.

O bildirib ki, daha əvvəl Daxili İşlər Nazirliyində polis mayoru vəzifəsində çalışıb. 2005-ci ildən isə D.Xəlilovun "General Construction" şirkətində mühafizəçi kimi işləyib: "Daha sonra Dünyamin Xəlilov məni "Betaline" şirkətinə direktor təyin etdi. Rəhbəri olduğum dövrdə mühafizəçi kimi çalışırdım. Maaşım 450 manat idi, direktor olduğum üçün əlavə 100 manat da alırdım".

R.Kərimov qeyd edib ki, şirkət rəhbəri kimi çalışdığı dövrdə bir neçə dəfə kredit müqavilələrinə qol çəkib: "Dünyamin müəllimin işçisi sənədləri gətirirdi, mən də baxmamış qol çəkirdim. Bir neçə dəfə də Beynəlxalq Bankın mərkəzi filialına gedib sənədlərə qol çəkmişəm. İstintaq dövründə bilmişəm ki, bir neçə təşkilatın rəhbər şəxsi adından sənədlər imzalamışam".

Təqsirləndirilən şəxs sualları cavablandırarkən söyləyib ki, bankdan götürülən kreditləri qaytarmaq imkanı yoxdur: "Pulları kimin qaytarmağını məhkəmə aydınlaşdırsın".

Məhkəmədə elan olunub ki, R.Kərimov Beynəlxalq Bankdan 39 milyon 180 min manat kredit götürməkdə təqsirli bilinir.

Daha sonra digər təqsirləndirilən Fariz Muradov dindirilib.

O deyib ki, daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. F.Muradov bildirib ki, D.Xəlilov onu Şüşə zavoduna direktor təyin edib: "Cahangir Hacıyevlə zavodun fəaliyyəti ilə bağlı görüşmüşəm. O, rəhbər şəxs kimi zavodun işi ilə maraqlanırdı".

F.Muradovun barəsində şişirdilmə ilə bağlı 1 milyon 193 min manatlıq ittiham verilib.

O, həmin ittihamları qəbul etmədiyini, günahsız olduğunu deyib.