CBC TV Xocalı ilə bağlı filmi nümayiş etdirməkdən imtina edib?


Digərləri 25 Fev 2019 12:06:00 266 0

CBC TV Xocalı ilə bağlı filmi nümayiş etdirməkdən imtina edib?

2019-cu il fevralın 23-də bəzi KİV-lərdə məlumat yayılıb ki, Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" ("Endless Corridor") filminin müəlliflərinin Azərbaycandakı tərəfdaşları filmin rus versiyasını efirdə yayımlamaq məqsədilə CBC telekanalına təqdim ediblər, lakin telekanal filmi göstərməkdən guya imtina edib.

Bununla bağlı CBC TV-dən Son.az-a verilən məlumatına görə, bu məlumatın həqiqətə uyğun olmadığını qeyd edən televiziya rəhbərliyi bildirir ki, həmin KİV-lər bu məlumatı dərc etməzdən əvvəl dəqiqləşdirmək məqsədilə CBC TV-yə müraciət etməyib və məsələ ilə əlaqədar onların mövqeyini öyrənməyib:

"Əslində, "Sonsuz Dəhliz" filmi CBC telekanalının efir proqramına daxil edilib və film 2019-cu il fevralın 24-də saat 22:00-da nümayiş etdirilib. Film fevralın 25-26-da da CBC TV-də yayımlanacaq. Məlumat üçün bildiririk ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna edilmiş son dəyişikliyə əsasən, siqaret ve tütünçəkmə görüntülərinin televiziya və videofilmlərdə açıq yayımlanması qadağan edildikdən sonra MTRŞ bütün telekanallar qarşısında bu dəyişiklikdən irəli gələn tələblər qoyduğu üçün CBC TV TEAS Press-in filmlə bağlı telekanala müraciət edən əməkdaşına filmdə siqaret olan kadrların üstünün bağlanması və bundan başqa digər bəzi kiçik üslub düzəlişləri edilməsini təklif edib. Lakin filmi təqdim edən qurumun əməkdaşı bildirib ki, film Litvada hazırlanıb, buna görə də həmin qeydləri etmək çətin olacaq.