"Təyyarədən düşəndə burdakı qiymətlər məni şok etmişdi" Xaricdə təhsil FOTO


Digərləri 24 Fev 2019 23:10:00 289 0

"Təyyarədən düşəndə burdakı qiymətlər məni şok etmişdi"  Xaricdə təhsil  FOTO

Çinarə Xanbutaylı: "Burada tələbənin tələb etmək və istədiyini öyrənmək hüququ daha genişdir" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, xaricdə təhsil yalnız bilik səviyyəsinin deyil, düşüncə və əhatə dairəsinin də genişlənməsinə səbəb olur. Ən əsası, insana vətən, ailə sevgisini daha çox aşılayır. Uşaqlıqdan xaricdə təhsil almaq arzusunda olub. Asiya ölkələrinə olan xüsusi marağı isə onu Çinə aparıb çıxarıb. "Xaricdə təhsil" rubrikasının budəfəki qonağı hazırda Çinin Şanxay şəhərində yerləşən Donghua Universitetinin mexanika mühəndisliyi fakültəsində magistr təhsili alan Çinarə Xanbutaylıdır.   Çinarə Xanbutaylı 1994-cü il mayın 19-da Şabran rayonunda anadan olub. Orta təhsilini 7-ci sinfə qədər Şabranda, daha sonra Bakıda kimya-biologiya təmayüllü liseydə alıb. Məktəbin son illərində həkim olmaq arzusu ilə Azərbaycan Tibb Universitetinə qəbul olur, lakin bir müddət sonra fikrini dəyişir və tibb universitetindən imtina edir. Yenidən hazırlaşıb Azərbaycan Texniki Universitetinə daxil olur. Universiteti bitirdikdən sonra ixtisası üzrə çalışmağa başlayır.    - Nə zaman xaricdə təhsil almaq fikrinə gəldiniz?

- Əslində, xaricdə təhsil almaq arzusu uşaqlıqdan var idi və ailəm də hər zaman bu istəyimi dəstəkləyib. Məktəb illərindən ABŞ-ın "Sülh korpusu" humanitar təşkilatının təşkil etdiyi danışıq klublarına qatılırdım. Onlardan ilhamlanaraq düşünürdüm ki, nə vaxtsa, mən də xaricdə təhsil alacam.

- Xaricdə təhsil almaq hüququnu necə qazandınız? Yəni hansısa dövlət proqramına qoşuldunuz, ya öz hesabınıza getdiniz?

- Çində müxtəlif yollarla təhsil almaq mümkündür. Burada bir neçə təqaüd proqramı var. Mən hazırda oxuduğum universitetin təşkil etdiyi təqaüd proqramını qazanaraq bura gəldim.    - Bəs, nə üçün Çin?

- Xaricdə təhsil almaq üçün bir çox ölkələr var. Avropada yerləşən ölkələrə axın daha çox olsa da, son zamanlar Çinə, həmçinin, digər Asiya ölkələrinə də maraq artıb. Mən isə uşaqlıqdan Asiyada təhsil almağı düşünmüşəm. Bununla əlaqəli müəyyən araşdırmalar edirdim. İlk dövrlərdə Koreyanı düşünsəm də, daha sonra qərara gəldim ki, Çində təhsil almalıyam.

- Təqaüd proqramı ilə getdiyinizi deyirsiniz. Bu təqaüd nə qədər olur?

- Təqaüd şəhərdən asılı olaraq dəyişir. Yəni hər şəhərin yaşam səviyyəsinə uyğun olaraq hesablanır. Məsələn, Şanxay və Pekində normalda 2500, digər şəhərlərdə isə 1200-1500 yuan olur. Bir yuan isə təxminən 1.7 dollardır. Bundan başqa, universitet yataqxanada qalma və sığorta ödənişlərini də qarşılayır. 

- Xaricdə təhsil insana nələri öyrədir?

- Xaricdə təhsil almaq yeni insanlarla tanışlıq, başqa mədəniyyətləri və dilləri öyrənmək şansı yaradır. Fərqli ölkədə fərqli yerlərdən gələn insanlarla əlaqədə olmaq inkişaf baxımından insana çox şey öyrədir. Yəni burada sadəcə çinlilər yoxdur, dünyanın müxtəlif qitələrindən olan insanlar var və bu, hər gün yeni nələrsə öyrənməyə şərait yaradır. Xaricdə təhsil yalnız bilik səviyyəmizin deyil, düşüncə və əhatə dairəmizin də genişlənməsinə səbəb olur. Ən əsası, insana vətən, ailə sevgisini daha çox aşılayır.

- Çində təhsil səviyyəsi necədir?

- Çox yaxşıdır, Çində hazırda bir çox sahədə təhsil alan azərbaycanlı gənclər var. Buradakı universitetlərin reytinqləri çox yüksəkdir. Pekin, Tsinxua və bu kimi bir sıra universitetlərin adını çəkə bilərəm ki, bunlar dünya reytinqdə İngiltərə və İsveçrə universitetlərini çıxmaqla, Avropanın digər universitetlərini belə keçib. Qeyd edim ki, Tsinxua Universiteti ilk iyirmilikdə olan universitetlərdəndir.   - Bizim təhsil sistemi ilə arada hansı fərqləri müşahidə etdiniz?

- Əlbəttə, iki təhsil sistemi arasında böyük fərq var. İlk növbədə praktikanın geniş tətbiq edilməsi ən əsas fərqdir. Mənim ixtisasım texnologiya ilə bağlıdır. Azərbaycanda oxuduğum müddətdə universitetimizdə texnopark var idi və orada müəyyən səviyyədə nələrsə öyrənirdim. Amma digər ixtisasların praktiki baxımından öyrənilməsində bəzi problemlər olurdu. Amma burada bütün ixtisasların təcrübi cəhətdən öyrənilməsi üçün hər cür şərait var. Yəni burada 1 ilə öyrənilənlərin 50 faizini orada 2 ilə öyrənmək mümkün deyil.

- Yaşadığınız ölkədə tələbə müəllim münasibəti necədir?


Xəbərə aid fotolar