Millət vəkilinin sağlamlıq resepti inanılmaz həyat tərzi VİDEO FOTO


Digərləri 22 Fev 2019 22:37:00 297 0

Millət vəkilinin sağlamlıq resepti  inanılmaz həyat tərzi  VİDEO  FOTO

Son.az medicina.az-a istinadən yazını təqdim edir.

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa demək olar ki, hər gün idman edir, futbol, basketbol, tennis, bilyard oynamağı sevir. Siqaret çəkmir, spirtli içki qəbul etmir, şəkərdən və duzdan minimum dərəcədə istifadə edir...

- Fazil bəy, sizin xüsusi bir reseptiniz var, yoxsa ancaq ümumi qaydada sağlamlığınızla məşğulsunuz? 

- Xeyr, xüsusi bir reseptim yoxdur, amma hər halda planlaşdırılmış bir həyat tərzi üzərində sağlamlığı qorumağa çalışıram. Həftəlik cədvəlim var ki, bu cədvəllərdə əgər fövqəladə bir işim çıxmırsa, bir hadisə baş verməyibsə və ya xarici səfərdə deyiləmsə, ona əməl edirəm. Amma gündəlik həyat ritmim belədir: Tezdən saat 7-nin yarısında sübh namazı üçün yerimdən qalxıram. Namazı qıldıqdan sonra idman edirəm. 45 dəqiqə idman prosedurum var. Bu proseduru da daimi həyata keçirməyə çalışıram. Xüsusilə də ayaqların möhkəmləndirilməsi, qan təzyiqinin normal olması üçün müəyyən prosedurlar edirəm. Bundan başqa rezinlə hərəkətlər etməyə çalışıram ki, həftə boyunca futbol, ya basketbol oynayarkən hər hansı şəkildə zədə almayım, yəni əzələ dartınması baş verməsin. Ayaqla bağlı bəzi prosedurları həyata keçirirəm. Çünki ayağımda idman zədələri vardı. Çalışıram ki, onlar həkimə müraciət etmədən  özüm müalicə edim.    Beləliklə, bu prosedur sübh tezdən başlayır. Sonra işlərimin dalınca gedirəm. Axşamlar çalışıram ki, boş keçməsin. Daha çox bilyard oynayıram. Bütün kəskin atıcılara gün ərzində bilyard oynamağı tövsiyə edirlər. Çünki gözün dəqiqlik məsafəsini  tənzimləyən bir oyundur. Bilyard stolu ətrafında 2 saat fırlanmaq hardasa 3 km yol getməyə bərabər olur. Bu da ayaqların müəyyən dərəcədə hərəkətliliyini saxlayır. Bəzən stolüstü tennis oynayıram. Elə olur, 2 gündən bir, elə olur, hər gün ən az yarım saat dostlarımızla şahmat oynayıram.  Şahmat beyni müəyyən formada saxlamağa xidmət edir. Bəzən isə əgər futbol və basketbol oynamayacamsa, 3 km qaçmağa çalışıram. Havalar soyuq olmayanda dəniz kənarında qaçıb, sonra girib dənizdə çimirəm. Oktyabr ayının 30-na qədər belə davam edir.  Yay boyu - iki ay dənizdə çimərlik futbolu oynayıram. Bu, ayaqların möhkəmlənməsi baxımından çox faydalıdır. Qışda dəniz kənarı təmiz olmur, mənim zirzəmidə qaçış alətim var, onunla minimum 3 km qaçıram.

Əvvəllər həftənin hər günü futbol oynayırdım, indi biz az azaltmışam, bu, yaşla və çox zədə almamaqla əlaqədardır. Şənbə günü "Neftçi" futbol klubunun bazasında  peşəkar futbolçularla futbol oynayırıq. Təqribən 1 saat 20 dəqiqə vaxt ayırırıq. Sonra yarım saat da orda idman edirəm. Hər gün çox sayda press edirəm. Bu, bədənin möhkəmlənməsinə kömək edir. Bizim 14-15 nəfərdən ibarət çox gözəl basketbol kollektivimiz var. 10 ildir davamlı olaraq hər bazar oynayırıq. Komanda peşəkarlardan və qeyri-peşəkarlardan ibarətdir. Onlarla 2 saat boyunca çox gərgin oyun keçir. Oyundan sonra dostlarla yarım saat, bir saat çay məclisimiz olur. Söhbətləşib, dərdləşirik. Bu da zövqlü bir əyləncədir. Üzgüçülükdən də xoşum gəlir. Amma məni daha çox fərdi yox, kollektiv oyunlar cəlb edir. Kollektiv oyunda insan stressdən tez azad olur. Qələbənin sevinci, rəqib komandanın mübahisəsi və s. stressin atılması vasitələrindən biridir. Hesab edirəm ki, bu formada gündəmi tənzimləməklə idmansız qalmıram. Bir saat da olsa, hansısa idman növü ilə məşğul oluram. Maraqlıdır ki, idmanla məşğul olduğum gün mənim mütaliəm də normal olur. Gün ərzində azı bir saat, saat yarım mütaliə etməliyəm. Axşamlar ingilis dili ilə bağlı 1 saatlıq məşğələm olur. Onda zehin daha açıq olur. Və daha rahat bu işlərlə məşğul ola bilirəm. Gündəlik işimiz çox olur. Saat 12-yə qədər mən təxminən 20 sayta müsahibə verirəm. Telefon nömrəm hər kəsdə olduğu üçün hamı zəng vurur. Telefonu özüm götürürəm.

- Bəs yemək menyunuz nədən ibarətdir? 

- Çalışıram ki, yemək menyuma xüsusi diqqət yetirəm.

Səhərlər mütləq, 42-50 dərəcə temperaturda olan bir stəkan suya 1 qram soda qatıb içirəm. Bu, bədəndə qələviliyin normada saxlanmasına xidmət edir. Səhər sodalı su içəndən 1 saat sonra yeməyimi yeyirəm. Yeməyi çörəksiz yeyirəm. Çörəkdən imtina etmişəm. Təxminən 6-7 aydır, heç bir un məhsulundan istifadə etmirəm. Bundan başqa, şəkərdən istifadə etmirəm. Çayımı ancaq qara ərik qurusu və qohumlarımın xüsusi olaraq mənim üçün göndərdikləri tut qurusu ilə içirəm. Qara çay içmirəm, daha çox ot çaylarına, Mədinə gülü, yaşıl çaya üstünlük verirəm. Yeməkdən minimum saat yarım keçməlidir ki, çay içim. Yeməkdən sonra dərhal maye qəbul etmirəm. Bu da mənə çox xeyir edir. Çünki orqanizmdə qidanın özünün həll olmasına nail ola bilirsən. Yəni onu mədədən bağırsağa sürətlə itələmirsən. Axşam 6-dan sonra yemək yemirəm. Yalnız balıq yeməkləri olanda, onu da çörəksiz yeyirəm. Çalışıram ki, axşam vaxtları 15-20 dəqiqə  də olsa gəzim. Mənasız boşuna yeriməyi də çox sevmirəm. İngilis və rus dilində materiallar var ki, onları qulaqcıqla dinləyirəm. Və ya maraqlı bir şəxslə telefon söhbətim varsa, o söhbəti yürüşə salıram. Maraqlıdır ki, axşam da tez yata bilmirəm. Mən 1-də, 2-də yatıram və tez də dururam.  Yuxusuzluq problemi yaranır. Futbol və basketbol çempionatlarını izləməyə çalışıram. Mən atçılıq, tennis... nə olur olsun, idmanının bütün növlərini izləməyə çalışıram. 

Evdə həm də çox zəngin kitabxanam var. Orda da vaxt keçirməyi xoşlayıram. 

Qızımın 9 yaşı var. Hava normal olanda onu Olimpiya Mərkəzinin yanına aparıram. Hər ikimizin velosipedi var. Orda 1 saat velosiped sürürük. Belə bir həyat tərzi qurmuşam. Çevrəmdəki insanlara da sağlam həyat tərzini tövsiyə edirəm. Yəni həkimsiz hər kəsin sağlam olmaq imkanı var. İnsanlar sadəcə tənbəllikdən özləri öz reseptlərini kəşf edə və həyat tərzlərini doğru nizamlaya bilmədiklərinə görə ağrılardan, əzginlikdən şikayət edirlər. Halbuki hər kəs həyat tərzini doğru qursa, tənzimləyə bilsə, belə problemlər də yaşanmayacaq. Onsuz da Allahın verdiyi ömür hardasa tamamlanacaq. Amma sağlam yaşamaq haqqı insanın özünə aiddir. Əgər sən siqaret çəkirsənsə, spirtli içki içirsənsə, qəlyan çəkərək vaxtını keçirirsənsə, bunun əvvəl-axır bir problemini yaşayacaqsan. Ona görə də bu məsələlərdə daha dəqiq olmağın insanın özünə faydası var. 

- Bu həyat tərzini özünüz müəyyənləşdimisiniz, yoxsa kiminsə məsləhəti ilə həyata keçirirsiniz? 

- Mənim həkim, idmançı dostlarım var. Öyrənməyi sevən adamam. Kimdə yaxşı nə görsəm, özümdə tətbiq edirəm. Hər hansı bir idman hərəkəti görsəm, onu edirəm. Ağlabatan nə varsa, onu götürürəm. 

- Neçə ildir bu cür yaşayırsınız? 

- Mən uşaqlıqdan futbol oynayıram. Hərbi xidmətdə belə hərbi hissənin çempionu olmuşam. Hətta hərbi xidmətdən vaxtından əvvəl təxris ediblər. Çempion olduğuma və ən çox qol vurduğuma görə. Daha sonra universitet yığmasının hücumçusu olmuşam. Hüquq fakültəsi olaraq, həmişə universitet daxilində birinci, respublika daxilində isə 2-ci yer tutmuşuq. Komandanın hücumçusu mən olmuşam. Futbolu heç vaxt atmamışam. Hansı şəraitdən olmaqdan asılı olmayaraq. Uşaq vaxtı basketbolu da az-çox oynayırdım. Son 10 ildə basketbola çox böyük bir sevgim yarandı. Basketbolsuz vaxt keçirmirəm. Hərbi xidmətdə olanda ağır atletika ilə də bir az məşğul olmuşam. 


Xəbərə aid fotolar