Göyöskürəyin gizli dövrü iki həftəyə qədər davam edə bilər


Digərləri 22 Fev 2019 22:28:00 250 0

Göyöskürəyin gizli dövrü iki həftəyə qədər davam edə bilər

Uşaq həyatı üçün ciddi təhlükə mənbəyi hesab olunan göyöskürək hava-damcı yolu ilə yayılan, uzun müddət tsiklik gedişi və spazmatik tutmalar şəklində xarakterizə olunan kəskin infeksion xəstəlikdir. Hətta bir sıra hallarda göyöskürək körpələrin həyatını itirməsinə səbəb olur. Xəstəlik üç mərhələdə gedir. İlkin mərhələdə üst tənəffüs yolu infeksiyasıdır və 1-2 həftə davam edir. Həmin dövrdə adətən aşağı temperatur, titrəmə və öskürək müşahidə edilir.

Son.az bildirir ki, bu barədə paytaxtdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadova AZƏRTAC-a məlumat verib.

Onun dediyinə görə, paroksizmal mərhələ adlanan ikinci mərhələ 2-4 həftə davam edir: "Uzun müddət davam edən şiddətli öskürək tutmaları ilə başlayır. Tutmalar daha çox gecələr olur. Bir-birinin ardınca sıralanan və bir neçə dəqiqə davam edən boğucu öskürəklər şəklində olur. Sağalma mərhələsi 1 həftədən 3 həftəyədək davam edir. Tam sağalmadan əvvəl, ilk növbədə, öskürəklərin sayı və davametmə müddəti azalır".

Pediatr-infeksionist xəstəliyin yoluxma yolları barədə danışarkən deyib: "İnfeksiyaya yoluxmuş şəxs bakteriyaları öskürəklə xaricə yaydığı damcılarla yoluxdurur. Xəstənin yaxınları həmin damcıları nəfəs yolu ilə alır və yoluxur. Yoluxma daha çox ilk 3 həftədə baş verir. Göyöskürəyin gizli dövrü 3-14 gün davam edir. Kataral dövrdə zökəm əlamətləri, quru öskürəklər davamlı olur və gecələr güclənir, tədricən tutmaya keçir. Bədən hərarəti ya normada qalır və ya subrebril (37,5 S) olur.

Spazm dövrü ağır hallarda 6 günə başlayır, öskürək tutmaları xarakterik səkil alır, əvvəlcə uşağın boğazında göynəmə və cırmaqlama hissi yaranır. Böyük uşaqlar həmin əlamətləri ifadə edə bilir və bundan sonra öskürək tutması başlayır.