“Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir” FOTO


Digərləri 22 Fev 2019 10:47:00 198 0

“Seksdə uyğun gəlməyəndə insanın həyat yoldaşına marağı itir”  FOTO

Kvant psixoloqu Gülnara İnanc modern.az saytına geniş müsahibə verib.

Son.az söhbəti təqdim edir:

- Gülnara xanım, kvant şüuru üzrə araşdırmaçısınız. Bu, şüurun kvant nəzəriyyəsidir. Sadə dillə izah edərdiniz.  

- Kvant fizikası haqqında yəqin ki, eşitmisiniz. Kvant şüuru da kvant fizikasından yaranan, insan şüuru ilə bağlı olan bir sahədir. 2007-ci ildən bu sahə ilə məşğul olmağa başlamışam. Bu istiqamət 20-ci əsrin 80-ci illərində yaranıb. Kvant şüuru nəzəriyyəsini Amerikanın məşhur alimi, anestezioloq və psixoloq Stüart Hameroff və fizik Rocer Penrouz yaradıblar. Hazırda Amerikada Kvant Şüuru İnstitutu da var.

Bu sahə insanın problemlərini onun bədənində yox, kənarda axtarır. Daha doğrusu, problemlərin insanın cismində yox, ruhunda axtarılmasını öyrənən sahədir. Bu, ilahi elmlərə, ilahi varlığa inananlar üçün daha yaxşı qavranılan bir istiqamətdir. 

- Kvant mexanikası qeyri-müəyyənlik prinsipinə əsaslanır. Siz dediyiniz ilahi qanunlar isə mütləqlik prinsipi deməkdir. Yəni, kvant fizikası ilahi qanunlara tabe deyil. Bəs necə olur ki, siz kvant şüurunu ilahi qanunlarla izah edirsiniz? 

- İlahi qüvvə, ilahilik özü də qeyri-müəyyənlikdir. Konkret heç bir şey yoxdur. Mənim içimdə və məndən kənarda olan ali şüur - biz meditasiyalar vaxtı belə ifadələrlə müraciət edirik. Kvant sahəsi nöqtə və dalğadan ibarətdir. Hər bir şey nöqtə və dalğadan ibarətdir. Nöqtə və maddə - maddənin çox böyük hissəsi həmin dalğada və enerji vəziyyətindədir. Bizim həyat yollarımız, kvant sahəsində, boşluqda yerləşir. Bu, sahə sonsuza qədərdir. Siz burdasınız, mən başqa yerdə, amma bizim enerjilərimiz nəticədə birləşir. Ayrıca, əlahiddə bir şey yoxdur. Biz şüurumuzu da sonsuza qədər genişləndirə bilərik. Bu halda da insan həyatını özü yarada bilər.

İki versiya təklif olunur. Birincisi odur ki, həyatımı fikirlərimlə özüm yaradıram. İkincisi isə, mən yaranmış variantlardan birini seçirəm. Tale yolları da sonsuzluğa qədərdir, bunu Allah seçir. Mənim sonsuz sayda seçim, tale yollarım var. Taleni qismət etmək üçün o yollardan birini seçirəm. Tale ilə qismətin də fərqi budur. Bu hal nağıllarda da qeyd olunub. Məsələn, "it hürən tərəfə, yoxsa işıq gələn tərəfə" deyirlər. Bu seçim bizdədir. Bu seçimi bizim əvəzimizə heç bir ilahi qüvvə həll etmir.

- Yəni düşünürsünüz ki, tale, alın yazısı əvvəlcədən insana yazılmayıb?

- Onlar bu dünyada yazılı vəziyyətdə var. Sadəcə olaraq, onu seçən bizik. Yaxşını da, pisi də seçən bizik. Həyatımız fikirlərdən və enerjilərdən yaranıb, bu, artıq sübut olunmuş bir faktdır.

Çox maraqlı tədqiqatlar var ki, bunlardan biri də su ilə bağlıdır. Suya "pis və ya yaxşı" nəsə deyirsən, o donanda bütün strukturu dəyişir. Məsələn, mən bir stəkan suya "pis" desəm, o donanda, strukturu pis olur. "Yaxşı" deyiləndə isə strukturu nizamlı olur. 

- Maraqlıdır, amma təbiətdə insanlar su olan yerlərin hamısına gedib sözünü demir. Amma söz deyilməyən ərazilərdəki sular donanda bəziləri, siz dediyiniz kimi yaxşı, bəziləri isə pis görünür. Onlara ali şüur nəsə deyir? 

- Şübhəsiz ki, elədir. Mən ali şüura inanıram, amma dindar deyiləm. Dünya öz-özünə yarana bilməzdi. Yaradıcı qüvvəyə kim nə ad verirsə, versin - nəticədə o mövcuddur. Belə bir nəzəriyyə var ki, heç nəyin olmadığı, sabit, hiss, emosiya olmayan yer Allahın olduğu məkandır. Çaydakı suyun həcmi çoxdur, biz onu pis fikirlə korlaya bilmərik. Hər şeyə ilahi nəzarət var.

İlahi güc kainatda bütünlüklə hər bir şeyə hopub. Biz ilahi varlıq deyilən substansiyadan kənarda deyilik. İlahi varlıq, bizim nəfəsimizdə, hüceyrəmizdə - hər bir şeydədir. 

- Yaxşı, bəs şüur birinci yaranıb yoxsa maddə? Bəlkə ikisi də eyni anda mövcud olub? 

- Çalışıram ki, əllaməlik etməyim. Mənim hissimə görə, əvvəlcə ilahi enerji olub.  Biz ondan qopan zərrələriksə, deməli, biz Onunla birgə əbədiyik. O itmir, məhv olmur. İtən bədənimiz, yəni maddədir. Ruh isə enerjidir və əbədidir. Biz enerjini və maddəni  qavradığımız şəkildə  mövcud olur. Həmin o ilahi güc həm mənim içimdə, həm də məndən kənardadır. Biz nəfəs alırıq, nəfəs duran kimi həyat bitir. 

- Cəmiyyət, ailə, fərdi həyatda insanların problemləri çoxdur. Kvant şüuru bu problemlərin kökünü nə dərəcədə effektiv araşdırıb ortaya qoya bilir? 

- Gəlin, bir az uzaqdan başlayaq. Ailə probleminin yaranma səbəbi, vaxtı var. İstənilən problem həmin anda yaranmır. Məsələn, ailədə problem iki cütlük evlənəndə yaranmayıb.

O problem cütlüklərdə ayrı-ayrılıqda yaranıb, sonra onlar birləşəndə problemlər böyüyüb. Alimlər də sübut edib ki, kainat fikirlərdən ibarətdir. Mən neqativ düşünürəmsə, neqativ, pozitiv düşünürəmsə, pozitiv yaşayıram. Yəni, mən səhər durub "nə bədbəxtəm, yenə maaş verilməyib" və ya başqa neqativ şeylər desəm, gedib mənfi məqamlarla rastlaşacağam. Əgər səhərimi açıb "mən zənginəm, mən uğurluyam, mən xoşbəxtəm" desəm, o zaman müsbət şeylər qarşıma çıxacaq. Bilirsiniz niyə? Axı kainat bizimlə danışır, o insanların, hadisələrin vasitəsi ilə bizimlə həmsöhbət olur.  Pozitiv düşünmək və özünü əsl mənada pozitiv hiss etmək çox vacibdir. Yalandan "mən xoşbəxtəm, təmizəm" deyib, ağlıma qara-qura fikirlər gəlirsə, bu zaman mən xoşbəxt olmayacağam. Yəni o xoşbəxtliyi hiss etməliyəm. 

- Ortaya məntiqi sual çıxır. Mənim nəzərimdə, dünyada edilən dualar daha çoxdur. Bəs dünyada niyə neqativlər çox olur? 

- Neqativlər çox deyil. Ağ kağıza bir qara nöqtə qoyulsa, hamı onu görəcək. Amma görün nə qədər hissə ağdır! Dünyada qara çox olsaydı, çoxdan məhv olmuşduq. Kainatımızda ağlar çoxdur. 

- Amma elə qara şeylər olur ki, insan dəhşətə gəlir. Məsələn, güllə yağışı altında, körpələrin məhv olması, onların iniltisi, qadınların, qocaların dramatik görüntüləri kimi. Bəs bunlar nədir? 

- Mən karmaya inanıram. Karma ruhun bədəndən bədənə keçməsidir. Quranın özündə də bu, sətiraltı yazılıb. Mənim öz karmik həyatım uşaqlıqdan yadımdadır. Mən ədaləti onda tapdım. Mən körpələr, balaca uşaqların ölüm səbəbini bildim. Dərk etdim ki, körpə uşaqlar o biri həyatında ağır cinayət etdiyinə görə, onlar, vəhşicəsinə ölməlidir. 

- Anlamadım, o cinayəti kim edib? 

- Həmin uşaq özü. Dedim axı, ruhun bədəndən bədənə keçməsi var. Həmin uşağın içindəki, ruh əvvəlki həyatında ağır bir cinayət törədib. Ona görə də, onun taleyinə öldürülmək yazılıb. Amma ataya, anaya görə uşağın əzab çəkməsi fikri ilə razılaşmıram.

- Bu necə sübut olunub ki, bir uşağın ruhu o biri dünyasında cinayət edib? Bunun, elmi bir əsası varmı? 

- Təcrübə aparıb, sübut edirlər. İnanıb-inanmamaq isə hər kəsin öz işidir. Bizim görməyimiz və inanmağımızdan asılı olmayaraq  çox şey mövcuddur. Biz məgər toxumun cücərmə prosesini görürük? Yalnız nəticəni - artıq yetişmiş buğdanı görürük. Hər kəs görmək istədiyini görür. 

- Sizə elə gəlmirmi ki, yanaşmalarınız, arqumentləriniz parapsixologiyaya daha çox yaxındır?

- Alternativ psixologiya deyilən bir sahə var. Bura həm psixologiya, həm də parapsixologiya daxildir. Mənim təlimlərimə dindarlar da gəlir. Maraqlıdır ki, mənim dediklərimi din də rədd etmir, əksinə qəbul edir. Qərbdə parapsixologiyanı da qəbul edirlər. Parapsixologiya, psixologiya, kvant şüuru - bu sahələr hamısı bir birinə çox yaxındır. Sərhədləri bir birinə keçir. Başa düşək ki, hər şeyi ruh formalaşdırır. Kvant şüuru beşölçülü dünyadır. Bu, sonsuzluqdur. Kvant şüurunda zaman, çəki yoxdur. Kiminsə hər hansı bir problemi varsa, onu bu gündə axtarmırıq. Kiminsə ailədə problemi yaşanırsa, onun səbəbi keçmişdədir. "Mənim ruhumda, keçmişimdə nə baş verib ki, qarşıma bu cür insanlar çıxıb" deyə düşünmək lazımdır. "Hər şeyin səbəbkarı mənəm" deməliyik. Bunu etiraf etmək lazımdır. Mən problemli ailələrlə işləyirəm. Heç kimsə özünün günahkar olduğunu qəbul etmir. "Necə yəni, mənəm günahkar?" deyirlər. Bəli, sənsən. 

- Qəribədir. Fərz edək ki, bir insandır, məsumdur, heç bir bəd əməli yoxdur. Amma qarşısına elə adamlar çıxır ki, ona çoxlu problemlər yaradır. Mən də sual edirəm - o adam nə edib ki?

- İnsanın inkişaf mərhələləri var. Ruh inkişaf etdikcə, oradakı proseslər də artıq dəyişir. Heç kim özünü qüsurlu  hesab etmir. Bəs niyə bizim həyatımızda problemlər yaranır? Karmaya müraciət edək. Buna genetika da deyə bilərik. Nə zamansa, sənin ulu baban adam başı kəsibsə, sən onun əzabını çəkirsən. Bir ailə var idi. Kişinin həyat yoldaşı intihar etmişdi. Məlum oldu ki, həmin xanımın nəslində də əvvəllər intiharlar olub. Nəsildə olan problemlər davam edir.

İndi siz dediyiniz kimi, fərz edək ki, mən məsumam. Amma qarşıma pis insanlar çıxır. Deməli, nəslimdə pis insanlar olub ki, mən də onun cəzasını çəkirəm. Ona görə də, qarşıma pis insanlar çıxır.

Çox deyirlər ki, filankəs yaxşı adam idi, o niyə ölməli idi?! Baxın, səbəblərdən biri də budur.

İkincisi isə dərsdir. Maddiyyatda görünən son nəticə də orada yaranmayıb. Bütün nə varsa, hamısı kvant sahəsində mövcuddur.

Üçüncü versiyaya gələk. Məsələn, başıma daş düşənə, pis iş gələnə qədər mənə dəfələrlə xəbərdarlıqlar olunub. Amma mən onu hiss etməmişəm, gələn mesajları başa düşməmişəm. Söhbət "qarşımdan qara pişik keçdi" kimi mövhumatlardan getmir.

Kiminləsə işgüzar danışıqlara gedirik, amma başımıza pis iş gələ bilər. Buna görə də, mütləq maşınımız qəzaya düşməlidir ki, biz orada 100 manat itirək, gələcəkdə 100 min manat itirməyək. 

- Siz özünüz başınıza nə gələcəyini bilirsiniz?

- Mən fikirləri durdura bilirəm. Fikirləri durduranda, beyin boş olur və nə baş verəcəyini bilirsən. Müasir psixologiyaya görə hər kəs öz həyatını 10 dəqiqədən, yarım ilə qədər öncədən bilir. Amma beynimiz fikir xaosu ilə dolu olduğu üçün bunları görə bilmirik.