Azərbaycan və Dünya Bankı arasında 50-dək layihə icra olunub, 7 layihə üzrə işlər davam etdirilir


Digərləri 22 Fev 2019 10:19:43 250 0

Azərbaycan və Dünya Bankı arasında 50-dək layihə icra olunub, 7 layihə üzrə işlər davam etdirilir

İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb

Bakı. Fevralın 21-də İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə qeyd olunub ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verir və Bankın iqtisadiyyatın şaxələndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına göstərdiyi texniki yardım və maliyyə dəstəyi yüksək qiymətləndirilir. Ümumilikdə, Dünya Bankı ilə birgə 50-dək layihə icra olunub, 7 layihə üzrə işlər davam etdirilir. Dünya Bankının 2016-2020-ci illər üzrə Azərbaycana dair Ölkə Tərəfdaşlıq Çərçivə sənədi ölkəmizdəki sosial-iqtisadi inkişafa töhfə verir. Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir, Bankla nəqliyyat, kənd təsərrüfatı, sosial, su təchizatı, tibb, ədliyyə və s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir. Dünya Bankı ilə bir sıra layihələr, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub. Şahin Mustafayev Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir Şahin Mustafayev Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb və “Doing Business 2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini vurğulayıb.