Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılır


İdman 22 Fev 2019 09:45:00 212 0

Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılır

Bu gün futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

Goal.az-ın məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Püşkatmada bu komandalar iştirak edəcək:

Arsenal (İngiltərə), Benfica (Portuqaliya), Chelsea (İngiltərə), Dinamo (Zaqreb, Xorvatiya), Dinamo (Kiyev, Ukrayna), Eintracht (Frankfurt, Almaniya), İnter (Milan, İtaliya), Krasnodar (Rusiya), Napoli (İtaliya), "Renn" (Fransa), Salzburg (Avstriya), Sevila (İspaniya), Slavia (Praqa, Çexiya), Valencia (İspaniya), Villarreal (İspaniya), Zenit (Rusiya)

Bu mərhələdə səpələnmiş və səpələnməmiş komandalar, eləcə də eyni ölkənin təmsilçilərinin fərqli cütlüklərə bölgüsü olmayacaq. Bu isə o deməkdir ki, siyasi münasibətləri gərgin olan Rusiyanın Krasnodar və ya Zenit komandasının Ukraynanın Dinamo (Kiyev) klubu ilə 1/8 finalda rəqib olmasına maneçilik törədilməyəcək.

1/8 finalda ilk oyunlar martın 7-də, cavab görüşləri martın 14-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 21:55-də və 24:00-da başlanacaq. Adları birinci göstəriləcək komandalar ilk oyunlarını evdə keçirəcəklər.

Aprelin 11-də və 18-də 1/4 final, mayın 2-də və 9-da yarımfinal, mayın 29-da isə Bakı Olimpiya Stadionunda final görüşü keçiriləcək.