Kolleclərə tələbə qəbulu başladı


Digərləri 22 Fev 2019 09:48:00 241 0

Kolleclərə tələbə qəbulu başladı

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir.

Mərkəzdən Son.az-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılır. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə saat 10.00-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər.

Müsabiqədə iştirak ödənişlidir. "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği (20 AZN) kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqdan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya ümumi orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.

Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Lakin xüsusi hallarda bu abituriyentlər əlavə olaraq 2019-cu il martın 31-də bəzi fənn və yaxud fənlərdən imtahan verirlər:

Qəbul imtahanı iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi üzrə abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 20, riyaziyyat fənnindən 10 və xarici dil fənnindən 15 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 3 saat vaxt ayrılır.

İkinci mərhələdə hər bir fənn üzrə 30 tapşırıq olmaqla, ümumilikdə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən 90 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına 3 saat vaxt ayrılır.

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent ixtisas seçiminə buraxılmır. Cari ilin məzunu isə buraxılış imtahanının hər hansı bir mərhələsi üzrə imtahanda iştirak etmədiyi halda ixtisas seçiminə buraxılmır.

Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur.