Baş mühəndis: Gələcəkdə Bakı metrosunda qatarlar radiodalğalarla idarə olunacaq (MÜSAHİBƏ)


Digərləri 22 Fev 2019 07:45:00 180 0

Baş mühəndis: Gələcəkdə Bakı metrosunda qatarlar radiodalğalarla idarə olunacaq (MÜSAHİBƏ)

Bakı metrosu 52 ilə yaxındır fəaliyyət göstərir. Bu gün paytaxtda sərnişinlərin böyük əksəriyyətinin istifadə etdiyi nəqliyyat vasitəsi məhz metrodur.

Bakı. Samir Əli – Bakı metrosu 52 ilə yaxındır fəaliyyət göstərir. Bu gün paytaxtda sərnişinlərin böyük əksəriyyətinin istifadə etdiyi nəqliyyat vasitəsi məhz metrodur. Bəs Bakı Metropoliteni sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək üçün hansı işlər görüb və bundan sonra hansı tədbirləri planlaşdırır? "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov Trend-ə müsahibəsində bir çox məsələlərə toxunub. - Əlixan müəllim, mümkünsə, 2018-ci ildə Bakı Metropolitenində görülmüş işlərə nəzər salardıq. - Qeyd edim ki, Bakı Metropoliteni fəaliyyət göstərdiyi illər ərzində istismarda olan avadanlıq, sistem və qurğuların bir çoxu fiziki və mənəvi baxımdan köhnəlmişdi. Bu avadanlıq və sistemlərin bir çoxunun əsaslı şəkildə yenilənməsi, modernləşdirilməsi tələb olunurdu. Bu məsələ "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaranandan sonra daha sürətlə həllini tapmağa başladı. Bakı Metropoliteni ilə "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin birləşdirilməsi yolu ilə metro istismarı ilə metro tikintisi vahid quruma tapşırılandan sonra əsaslı təmir işlərinə, yeni texnologiyaların daha vüsətlə tətbiqinə geniş meydan açıldı. Konkret olaraq 2018-ci ildən danışsaq, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində çox böyük işlər görülüb. İlk növbədə, "Sahil" stansiyasının yenidən qurulması qeyd oluna bilər. 9 ay ərzində stansiya demək olar ki, tamamilə yenidən quruldu. Platforması, vestibülü, kommunikasiya, ventilyasiya sistemləri, eskalatorları, bir sözlə, stansiyanın bütün infrastrukturu əsaslı əşkildə yeniləndi. "Sahil" metronun ən dərin stansiyalarından biri olmaqla yanaşı, həm də birçıxışlıdır. Burada 50 il əvvəl quraşdırılmış 3 eskalator var idi və istismar müddətini başa vurmuşdu. Həmin estalatorlar xüsusi layihə əsasında 4 ən müasir tipli eskalatorla əvəzləndi. Bu da sərnişin rahatlığı və təhlükəsizliyinin əsaslı şəkildə artırılmasına xidmət etdi. "Sahil" stansiyasının yenidən qurulmasında "Nizami" stansiyasında gördüyümüz işlər zamanı əldə etdiyimiz təcrübədən geniş istifadə etdik. Bilirsiniz ki, "Nizami" metro stansiyası tarixi memarlıq abidəsidir. Orada dahi şairimiz Nizami Gəncəvinin əsərləri əsasında pannolar qurulub. Pannoların arxasında olan konstruksiya və beton elementlərinin əsaslı təmiri böyük çətinlik yaradırdı. Əsas vəzifə pannoların ilkin görünüşünün qorunması idi. Təmir işlərinin digər çətinliyi ondan ibarət idi ki, stansiya sərnişinlərin giriş-çıxışı üçün bağlanmamalı idi. Bütün çətinliklərə baxmayaraq, stansiyanın plaftormasının yenidən qurulması işlərini uğurla başa vurduq. Daha sonra "Bakmil" stansiyasında təmir işlərinə başladıq. Bildiyiniz kimi, "Bakmil" Bakı Metropoliteninin yeganə yerüstü stansiyasıdır. Əvvəllər bu stansiyanın sərnişindaşımada bir o qədər böyük rolu yox idi, lakin hazırda çox böyük əhəmiyyətə malikdir. Çünki artıq stansiyanın ətrafında bir çox iş yerləri açılıb, idarə və təşkilatlar fəaliyyət göstərir. Stansiyanın birinci mərtəbəsinin döşəməsi yolun asfalt örtüyündən 60 santimetr aşağı idi və bu da böyük problem yaradırdı. Stansiya açıq tipli yerüstü olduğuna görə, yağışlar yağanda stansiyanı su basırdı, bunun qarşısını almaq isə mümkün deyildi. Eyni zamanda, stansiyanın konstruksiyaları, pəncərələri, qapıları, zahiri elementləri və s. köhnəlmişdi. "Bakmil"də də təmirə giriş-çıxışı sərnişinlər üçün bağlamadan başladıq. Açıq hava şəraitində olması ilə əlaqədar xüsusi yeniliklər etdik. Müasir texnologiyaların tələbləri səviyyəsinə çatdırılan stansiyada artıq işlər yekunlaşıb. Hazırda stansiya ərazisində yaşıllaşdırma işləri aparılır. "Bakmil" stansiyasının bütün kommunikasiyası, texniki təchizatı yenidən qurulub. Stansiyanın platforması əvvəllər açıq idi, indi isə yarımqapalı vəziyyətdədir. Sərnişin platformasının üstü bağlanıb, sərnişinlərin yağıntıdan qorunması, həmçinin təhlükəsizliyi və rahatlığı təmin olunub, stansiyada müasir oturacaqlar quraşdırılıb. Fevral ayının sonunadək stansiya tam olaraq sərnişinlərin istifadəsinə veriləcək. Həmçinin "Xətai" stansiyasında yenidənqurma işlərinə 2018-ci il sentyabrın 27-də başlanılıb. Bu stansiya buna qədər də bir neçə dəfə bağlanmışdı. Burada "Xətai-Cəfər Cabbarlı" mənzilində məkik hərəkət təşkil edildiyindən, qatarların hərəkəti sıx olmadığından, həm də havalandırma sistemi zəif olduğundan bu mənzildə tunellərin və "Xətai" stansiyasının infrastrukturu faktiki olaraq yararsız vəziyyətə düşmüşdü. Stansiyanın platformasını və baş stansiya yollarından birini 3 il əvvəl yenidən qurub sərnişinlərin istifadəsinə verdik. Hazırda digər baş stansiya yolu, yer səthində olan hissəsi, kommunikasiyaları yenidən qurulur. Təbii ki, 50 illik istismar müddətini başa vurmuş eskalatorlar da yeniləri ilə əvəzlənir. Burada da "Sahil"də olduğu kimi, sökülən 3 eskalatorun əvəzinə 4 müasir eskalator qurulur. Bu stansiya Bakı metrosunun ən dərin stansiyasıdır. Stansiyanın eskalator lentinin uzunluğu 100 metrə yaxındır. Bunlarla yanaşı, "Xətai-Cəfər Cabbarlı" mənzili boyunca tunellərdə də infrastrukturun yenidən qurulması işləri aparılır. Stansiya bu ilin iyun ayında istifadəyə veriləcək. Hazırda metropolitendə işarəvermənin ən yeni sisteminin tətbiqinə "Nərimanov" elektrik deposundan başlanıb. Bu, "ox sayğacları" bazasında qurulan bir sistemdir. Yenilik nəticəsində yollardakı çoxsaylı elektromexaniki avadanlıqlara ehtiyac qalmayacaq. Ən son nəticədə isə qatarlar radiodalğalarla idarə olunacaq. Bu, dünyanın ən mötəbər texnologiyasıdır və MDB ölkələrinin heç birində yoxdur. Başqa sözlə, bu texnologiya regionda ilk dəfə Bakıda tətbiq olunacaq. Bu işi Fransa şirkəti ilə birgə həyata keçiririk. Layihəyə ötən ilin əvvəlində başlamışıq, bu ilin iyul ayında başa çatdıracağıq. Depo ərazisində sistemin yerləşəcəyi binanı xüsusi və ən əsası, unikal nümunəvi layihə əsasında tikmişik. Sistem depodan metro xətlərinə verilən qatarların hərəkətini idarə edəcək. Ümumən, onun özəlliyi ondan ibarətdir ki, qatarların hansı vaxtda xəttə çıxmalı olduğu, harada olduğu, hansı dayanacaqda dayanmalı olduğu və digər məsələlər bu sistemlə təyin ediləcək. Artıq sistemin kommunikasiya və avadanlıqları quraşdırılıb, hazırda avtoəyləclər, işıqforlar və digər avadanlıqlar quraşdırılır. Bu ilin iyun-iyul aylarında işlər yekunlaşacaq və "Nərimanov" elektrik deposunun işarəvermə, bloklama və qatarların hərəkəti sistemi Avropa və MDB ölkələri sırasında ən qabaqcıl sistemlərdən biri olacaq. - Bu sistem yalnız elektrik deposunda olacaq, yoxsa bütün stansiyalarda? - Bu, böyük bir sistemin tərkib hissəsidir, qatarların radiodalğalarla idarə olunması sisteminin (CBTC) tətbiqində ilk addımlarımızdır. Bu sistemin Bənövşəyi xətdə bütövlükdə tətbiq edilməsi üzərində iş aparırıq. İndi depodan başlamaqla gələcəkdə həm də Qırmızı və Yaşıl xətlərdə tətbiq etmək üçün ilk addımları atırıq. Bu sistemin sayəsində qatarların dəqiq hərəkətinə nəzarət etməklə yanaşı, tunellərdə olan çoxsaylı mürəkkəb, saxlanması və təmiri böyük xərclər, həmçinin qulluq tələb edən avadanlıqlar azalacaq, idarəetmə daha etibarlı, səmərəli və keyfiyyətli olacaq. - Bakı Metropolitenində vaqonların əsaslı təmiri sexi istifadəyə verildi. Sexin fəaliyyəti qənaətbəxşdirmi? - Deyə bilərəm ki, bu sex xərclərimizi xeyli miqdarda azaldıb. Əvvəllər qatarları əsaslı təmir üçün ölkə xaricinə göndərirdik. Bu, külli miqdarda vəsait tələb edirdi. İndi bu xərclər ləğv edilib. Artıq həmin sexdə iki qatar təmir edilərək xəttə buraxılıb. Cari ildə daha 3 qatar tərkibini, yəni 15 vaqonu təmir etməyi planlaşdırırıq. Bu prosesdə vəsaitə 50 faizdən artıq qənaət edirik. Bu vəsait isə yüz minlərlə avro ilə ölçülür. Əsaslı təmirlə yanaşı, burada vaqonlar həm də modernləşdirilir. Bununla qatarların müasir dövrün tələblərinə maksimum uyğunlaşdırılması təmin olunur. Sexdə işçilər üçün bütün şərait yaradılıb, həmçinin təchizatı dövrün tələblərinə uyğundur. Qaldırıcı mexanizmlər, korroziyadan qumla təmizləmə, rənglənmə kameraları, təmir sahəsi və s. bir sözlə, iş üçün ən münbit şərait qurulub. - Metronun havalandırma sisteminin yenilənməsi istiqamətində hansı tədbirlər görülür? - Bu il metronun havalandırma sisteminin yenilənməsi istiqamətində də əsaslı yeniliklər gözlənilir. Ventilyasiya sisteminin təkmilləşdirilməsi işlərini sürətləndirmək planlaşdırılır. Hazırda 7 güclü ventilyator zavod şəraitində sınaqdan çıxarılır. İstehsalçı zavoda "Bakı Metropoliteni" QSC-nin məsul şəxsi ezam olunub və avadanlıqlar sınaqdan keçirilib. Həmin süni havalandırma avadanlıqları Bakıya gətirilərək metroda quraşdırılacaq. Plana görə, ilkin olaraq 3 şaxtada havalandırma sistemi dəyişdiriləcək.