Azərbaycanda aliment problemi: ödəməyənlər həbs edilir


Digərləri 21 Fev 2019 22:31:00 235 0

Azərbaycanda aliment problemi: ödəməyənlər həbs edilir

Azərbaycanda aliment ödəməkdən boyun qaçıran şəxslərə qarşı inzibati həbs cəzası verilir. Bu gün ölkədə belə hallar tez-tez yaşanır.

Son.az bildirir ki, bunu media.az-a verdiyi açıqlamada Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Ofeliya Rəhimova bildirib.

"İş cinayət təqibi həddinə nadir hallarda çatsa da, inzibati həbslər müntəzəm xarakter alıb", -deyə Rəhimova qeyd edib.

Vəkilin dediyinə görə, hazırda aliment ödəməkdən yayınanlar arasında kişilər üstünlük təşkil edir. Ancaq bəzi hallarda qadınlar da bundan boyun qaçırır. Boşanma hallarında uşaqlar əksər hallarda ana ilə qalır. Əksinə, uşaqlar ata ilə qalırsa, deməli, bunun tutarlı səbəbləri var. Belə olan halda alimenti ana ödəmək məcburiyyətindədir.

Hüquqşünas açıqlamasını real həyatdan olan nümunələrlə əsaslandırıb (məlum səbəblərə görə, tərəflərin adları və soyadları göstərilmir):

"Bir kişi 2018-ci ilin iyul ayından etibarən iki övladına görə 308 manat aliment ödəməli olsa da, öhdəliyini yerinə yetirməyə tələsmirdi. Nəticədə, iyul ayından dekabr ayına kimi 1540 manat aliment borcu yığılır. İş inzibati həbs həddinə çatdı və o, 15 günlük həbs edildi. Həbs müddətinin başa çatmasından sonra aliment ödəyicisi tələb olunan məbləği ödədi. Başqa sözlə desək, inzibati həbs hər hansı şəxsi aliment ödənişindən azad etmir.

Başqa bir misalda, qadın körpəyə görə aliment ödəməli idi. O da ödənişdən boyun qaçırır və nəticədə, 2019-cu ilin yanvar ayına iki min manat məbləğində aliment borcu yığılır. Qadına 10 gün həbs cəzası verilir. Azadlığa çıxdıqdan sonra tələb olunan məbləğin bir hissəsini ödəyir, digər hissəsini sonradan ödəyəcəyinə söz verir".

Bundan əvvəl Milli Məclisin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, deputat Aqiyə Naxçıvanlı bu problemə toxunmuşdu.

"Bəli, alimentlərlə bağlı həddindən çox problem müşahidə olunur. Alimentləri ödəmirlər, maaşı gizlədirlər, aliment ödəməli olan şəxsi axtarıb tapmaq olmur. Qadınlar yanımıza gəlib göz yaşı tökürlər, ərlərinin aylarla alimenti ödəmədiyini bildirirlər. Məhkəmələrə müraciət edirik, onlar ya tapılır, ya da harasa çıxıb gedirlər. Kimsə qeyri-rəsmi olaraq yeni ailə qurur. Statistika çox qorxuludur, o, həm bizi, həm sizi, həm də ümumilikdə bütün cəmiyyəti narahat edir", - deyə xanım millət vəkili bildirib.