Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq (FOTO)


Digərləri 21 Fev 2019 22:37:42 246 0

Qahirə Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq (FOTO)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin məsul əməkdaşları Qahirə Universitetində olub

Bakı. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun nümayəndə heyəti və ölkəmizin Misirdəki səfirliyinin məsul əməkdaşları Qahirə Universitetində olub. Tarix İnstitutundan Trend-ə verilən məlumata görə, bu səfər Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə baş tutub. İnstitutun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti universitetin Humanitar Elmlər fakültəsinin dekanı, professor Əhməd Əş-Şərbini Əs-Seyd, Şərq dilləri departamentinin rəhbəri, doktor Cəlal Əs-Səid əl-Həfnəvi və digər alimlər ilə görüşlər keçirib. Görüşün əvvəlində Yaqub Mahmudov Qahirədə baş vermiş terror hadisəsi ilə bağlı kədərləndiyini bildirərək, nümayəndə heyəti adından Misir xalqına dərin hüznlə başsağlığı verib. Azərbaycan və Misir əlaqələrinin tarixindən danışan akademik deyib ki, tarixinə sahib çıxan xalq yenilməzdir: “Hər iki ölkənin tədqiqatçıları üçün ortaq tarixi əlaqələr və mədəni dəyərlərin araşdırılması çox mühümdür. Ərəb xilafəti dövründən etibarən başlanan qarşılıqlı münasibətlərimiz indi daha da genişlənib”.