Məğlub olunmuş İD yenidən peyda ola bilərmi?


Dünya 21 Fev 2019 21:12:00 232 0

Məğlub olunmuş İD yenidən peyda ola bilərmi?

Qısa deyilsə - bəli, amma əvvəlki şəkildə yox.

Bir vaxtlar Suriya və İraqda az qala səkkiz milyon əhaliyə nəzarət edən cihadçı terrorçu qrupun elan etdiyi "xilafət" , demək olar ki, yox edilib.

Buna nail olmaq üçün 79 ölkədən ibarət koalisiya 4,5 il ərzində hərbi əməliyyatlar aparmalı olub.

Bu səylər milyardlarla dollar və minlərlə insan həyatı bahasına başa gəlib, ölən insanların çoxu isə mülki əhali olub.

Özünü İslam Dövləti (İD) adlandıran qrupun fəaliyyətinə dair məxfi kəşfiyyat məlumatlarına çıxışı olanlar ehtiyatı əldən verməməyə çağırırlar.

Bu yaxınlarda keçən Münhen Təhlükəsizlik Konfransında Britaniya Kəşfiyyatının rəhbəri Alex Younger deyib ki, "hərbi məğlubiyyət terror təhlükəsinin sonu demək deyil".

"Gördüyümüz kimi o dəyişir, yayılır... Suriyanın daxilində və xaricində. Bu, terrorçu təşkilatın ənənəvi halıdır", - o deyib.

Həmin tədbirdə çıxış edən Almaniyanın Müdafiə naziri Ursula von der Leyen qeyd edib ki, hazırda İD daha dərin fəaliyyətə keçib və digər terrorçu qruplarla şəbəkələr qurur.

ABŞ Mərkəzi Konmandanlığına rəhbərlik edən Gen Joseph Votel xəbərdarlıq edib ki, İD şəbəkəsinin dağıdıldığına baxmayaraq təzyiq davam etdirilməlidir, əks-halda həmin şəbəkənin parçaları "yenidən birləşə bilər".

İD adlanan qrupun qurduğu "xilafət"in de-fakto paytaxtı - Raqqa şəhəri 2017-ci ilin oktyabrında belə vəziyyətdə olub.

Təxminlərə görə, Suriya və İraq boyu səpələnmiş 20000-30000 arası İD döyüşçüsünün çoxu məhkəmə təqibindən ehtiyat edərək öz ölkələrinə qayıtmaq istəmir.

İD ilə əlaqəli kiçik silahlı qruplar eləcə də Liviya, Misir, Qərbi Afrika, Əfqanıstan və Filippinin cənubunda fəaliyyət göstərir.

Iraqın şimalında İD getdikcə güclənən hücumlar həyata keçirir.

İD nəcə yarandı

ID qrupu İraqda keçmiş ordu və kəşfiyyat zabitlərinin və Ərəb dünyasının daxilindən və xaricindən İraqa gəlmiş cihadçıların ittifaqı nəticəsində Əl-Qaidə kökü üstündə bitib.

İraqdakı Əl-Qaidə müsəlmanlara üz tutaraq onları İraqa gəlib ABŞ işğalına qarşı mübarizə aparmağa çağırırdı.

Lakin Əl-Qaidənin qəddarlığı və dözümsüzlüyü (siqaret çəkənlərin barmaqlarının kəsilməsi kimi hallar) İraq tayfalarını onlardan uzaqlaşdıraraq hökümətə yaxınlaşdırdı, əl-Qaidə isə səhraya sıxışdırılıb çıxarıldı.