Doğru yaşamın gerçək üslubu


Digərləri 21 Fev 2019 21:20:00 239 0

Doğru yaşamın gerçək üslubu

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə özümüz haqqında, mövcudluğumuz haqqında düşünmək, fikirləşmək səadətini nəsib edib. Allaha şükür olsun ki, bizi Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) ilə tanış olmaq səadətinə çatdırıb.

İblisin (lən) daxilimizdəki müttəfiqi

Mövzumuz insanın mənəvi təkamülü zamanı maneə törədən amillərlə bağlı idi. Danışdıq ki, bir tərəfdən həvayi-nəfs öz təsirini göstərir, digər tərəfdən dünya vurğunluğu öz təsirini qoyur, üçüncü tərəfdən şeytanın (lən) vəsvəsələri təsirini göstərir. Bunlar bir-birinə bağlı haldadır.

Bizim nəfsani istəklərimiz olmasa, şeytanın (lən) gəlib bizə təsir göstərməsi imkansız olar. Dünyaya bağlantımız olmasa, nəfsani istəklərimiz də meydana gəlməz. Əslində bu üçü bir-birinə ciddi şəkildə bağlıdır. Xüsusilə nəfsani istəklər və dünyaya vurğunluq bir-birinə bağlıdır və şeytanın (lən) vəsvəsəsi də bu vurğunluq və bağlılıq olan zaman, nəfsani istəklər işə düşən zaman baş tutar. Şeytan (lən) gəlib fürsətləri dəyərləndirir, toxumlarını əkir, ondan sonra da istədiyi nəticələri də əldə etməyə çalışır. Bunları daima diqqətdə saxlamaq lazımdır ki, insan qəflətə düşməsin.

İmanımızın diri qalmasına mane olan amillərlə necə mübarizə aparaq?

Sual budur ki, necə edək ki, bu üç amil qarşısında duruş gətirə bilək? İnsan hansı bir cəhətini, hansı istiqamətini artırmalıdır, gücləndirməlidir ki, müqavimət qabiliyyəti artsın? Özümüzün hansı cəhəti ilə gərək xüsusi olaraq məşğul olaq?

Əllamə Misbah Yəzdi cənablarının bu mövzuda fərqli baxışlar ortaya qoyur və buyuruşundan belə başa düşülür ki, lokal və bircəhətli reseptlər çıxış yolu deyil. Yəni, ümumi olaraq, insanın bu üç istiqamətdə problemlərdən qurtulması üçün deyə bilərik ki, gərək tanıması yuxarı olsun, əqidəsi möhkəm olsun, dünyagörüşü mükəmməl olsun. Digər tərəfdən, gərək fiqhi və əhkami məsələlərə diqqət etsin. Üçüncü tərəfdən əxlaqi fəzilətlərə yiyələnməyə çalışsın.

Bunlar özü-özlüyündə yaxşı səslənsə də, necə və hansı ardıcıllıqla insan bunlara nail ola bilər? Həyat bizi gözləmir. İnsan əqaidi məsələlərini artırana qədər, əxlaqi və əhkami məsələləri onu gözləyir. İnsan bir ömür zamanını sərf edə bilər ki, əqaiddə, dünyagörüşündə, tanımada bir mərhələyə çatsın. Amma bu getdiyi zaman, insanın digər məsələləri kənarda qala bilər. Üstəlik, hər kəsin tutumu və qavraması o qədər deyil ki, bütün bunlarda ən ali mərtəbəyə yüksəlsin.

Əxlaqi mövzulardan başlayanda da, insan bir mərhələyə yetişir ki, nəyin əxlaq olmasını ayırd etməkdə çətinlik çəkir. Bunun üçün gərək bilgisi, tanıması, mərifəti olsun. Başa düşülən budur ki, bunların hər hansı birindən başlayıb, digərlərinə doğru getmək kimi bir həll yolu yoxdur. Bu, məsələnin bir tərəfidir.

İnsan, öz mövcudiyyətinin 3 əsas bünövrəsini paralel təmin etməlidir

Ümumi götürəndə, insanın varlığı üç bölümdən təşkil olunub.

Birincisi - əql qüvvəsi, düşüncə, təfəkkür, axtarmadır ki, insan gərək buna çarə tapsın, bunu ödəsin.

İkinci - insanın hissləri, duyğuları, atifələridir. Gərək bunlar da ödənsin.

Üçüncü - insanın, cismani, fizioloji ehtiyaclarının mövzusudur ki, gərək bunlar da təmin olunsun. Aclıq, susuzluq, istilik, soyuqluq, digər təbii ehtiyaclar həll olmalıdır.

Belə deyil ki, insan gərək əqli müstəvidə bir yerə çatsın, sonra digər məsələləri qaydasına qoysun. Atifə, duyğular, hisslər, fiziki ehtiyaclar gözləmir. Əqli də tam lazımi vəziyyətə çatmayana qədər, hisslər də həmişə doğru yerə aparmır, ehtiyaclar da həmişə doğru təmin olunmur. İnsanın həyatının içərisində bu üçü də paralel olaraq gündəmdədir. Ağılın, hisslərin, duyğuların, həm də cismani ehtiyacların gündəlik tələbatı var. Göründüyü kimi, vəziyyət çox da sadə deyil.

Qurani-Kərimin qurtuluş üslubu

Əllamə Misbah Yəzdi cənabları bu mövzuda Qurani-Kərimin üslubuna nəzər salır. İslam inancının bu mövzuda mühüm, bünövrəvi təqdimatı Qurandadır. Qurani-Kərim bu mövzuda bölgü aparmır. Belə deyil ki, əvvəl bir hissələr gəlir ki, öncə ağılı gücləndirilsin, sonrakı hissələr - hisslərə yönəlsin, sonrakı hissələr gəlib cismi ehtiyaclar mövzusunu əhatə etsin. Qurani-Kərimdə hamısı yanaşı, bəzən bir ayədə biri bir qədər çox, digər ayədə o biri məsələ bir qədər qabarıq yer alır.

Başa düşülən budur ki, bizim bu vəziyyətdən götürə biləcəyimiz ən böyük ibrət və dərs budur ki, Qurani-Kərimin üslubunu əsas kimi qəbul edərək, bütöv varlıq kimi inkişafımızın üzərində düşünməliyik. Quranla tanışlıq, Quranla ünsiyyət və Quranın buyuruşları, ayələri ilə tanışlıq həm də buna görə tövsiyə olunur ki, insan Quranla tanış olan zaman bu mövzularda bu və ya digər formada hissə-hissə, müəyyən dərəcədə qidalanma alır.

Quranın ən praktik formada izahını verən, çatdıran Peyğəmbər (s) və onun pak Əhli-Beytidir (ə). İnsanın gün ərzində Quranla təmasda olmasının bu qədər tövsiyə olunmasının başlıca səbəblərindən biri budur ki, Qurani-Kərim bu mövzularda müxtəlif həcmlərdə, müxtəlif dozalarda çatdırışlar edir, insanda ayılmalara gətirib çıxardır.

Belə bir nəticələndirmə edə bilərik ki, biz günümüzü elə tənzimləməliyik ki, bütün istiqamətlərimiz, bütün cəhətlərimiz, bütün mövzularımız qidalana bilsin. İnsan bədənində belə deyil ki, ilk öncə ürək işə salınır, sonra beyin, sonra digər orqanlar və s. Bədən bir bütöv şəkilində qidalanır. Bu mənada bizim bütün mövcudiyyətimiz eyni anda qidalanmalıdır və Qurani-Kərimin bizə təqdim etdiyi üslub da budur.

Qurani-Kərim nə üçün nazil olub?

"Nəhl" surəsinin 44-cü ayəsində Rəbbimiz buyurur: "(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Quranı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər".

Ayədə mühüm nöqtələrə işarə olunub. Vurğulanır ki, Allah Təala Qurani-Kərimi Peyğəmbərimizə (s) nazil edib və Peyğəmbərin (s) missiyası Quranı insanlara çatdırmaq və aydınlatmaqdır.

Bəzən belə fikirlər olur ki, Quran özü bir mətn olaraq bəs edər. Rəbbimiz Özü açıqlayır ki, belə bir məsələ yoxdur. Peyğəmbərin (s) və onun (s) Əhli-Beytinin (ə), eləcə də ümumən o irsdən bəhrələnən alimlərin, üləmanın vəzifəsi və məsuliyyəti - Qurani-Kərimin mövzularını açıqlamaqdır.