Səssizlik beyni və yaradıcılığı necə inkişaf etdirir?


Digərləri 21 Fev 2019 21:08:00 233 0

Səssizlik beyni və yaradıcılığı necə inkişaf etdirir?

Hamımız səs-küylə dolu həyat yaşayırıq. Bəs, tam səssizliyə düşsək necə, nələr hiss edərik?

Tıxac gurultusu, yüksək siqnal səsləri, hündür tonlu dialoqlar, mobil telefonların bildiriş mesajları - bunlar bəzən elə bezdirici olur ki.

Buna baxmayaraq biz səssizliyi, adətən, təklik, narahatlıq və hətta hüzn olaraq qiymətləndiririk.

"Gurultu dövründə yaşayırıq. Səssizlik az qala əlçatmaz bir şeyə çevrilib", filosof və macəraçı Erling Kagge deyir. Səssizliyin gücünü araşdıran Erlinq şimal və cənub qütblərində olmuş, Everest dağının zirvəsinə qalxmış ilk şəxsdir.

Nə üçün insanın səssizliyə ehtiyacı var? Necə oldu ki, o bizdən bu qədər uzaqlaşdı?

Daha bir vacib sual: onu necə geri qaytara bilərik?

Əlinizdəki işi kənara qoyub özünüzü "indi və burada" hiss edə bilərsinizmi? Səssizlik buna yardımçı ola bilər.

Səssizlik "bu an"ı yaşadır

Erling deyir ki, "indiyə qədər getdiyim yerlərin ən səssizi Antarktikadır. Mən bir parçası olduğum dünya haqqında orada daha çox düşünə bildim".

Antraktikadakı səssizliyin "o anı" hiss etməyə necə kömək etdiyini Erling belə təsvir edir.

"Nə darıxdım, nə də narahat oldum. Düşüncələrimlə tək qalmışdım, öz həyatımın içindəydim və ancaq öz həyatımı düşünürdüm".

Buzla örtülmüş uzaq bir əraziyə istədiyimiz vaxt getməyimiz mümkün deyil, amma bir müddət səssiz yerə (məsələn, səssiz bağa, yataq otağına və ya hətta tualet otağına) çəkilməyimiz ətraf dünyadan ayrılıb özümüzlə yenidən əlaqə qurmağımıza yardım edə bilər.

Erling inanır ki, cəhd etsək, hamımız "daxili səssizliyimizə" qovuşa bilərik. O, duşun altında ayaq üstə durmağın, içində alov şölələnən kaminin yanında oturmağın, meşədəki göldə üzməyin, ya da boş bir ərazidə gəzməyin rahatlıq üçün möhtəşəm fürsət olduğunu düşünür.

Ən yaxşı fikriniz ən gözlənilməz anda yarana bilər.

Səssizlik düşünmək fürsəti yaradır

Erling vurğulayır ki, səssizlik yeni fikirlər "istehsal etmək" üçün əla fürsətdir. Filosofun dediklərini elm də təsdiqləyir.

Elm deyir ki, səsin stimullaşdırıcı təsiri olmadan da beynimiz aktiv və dinamik olaraq qala bilir.

Washington Universitetinin nevrologiya mütəxəssislərinin 2001-ci ildə apardığı araşdırmanın nəticələri göstərib ki, "dincəlmə" durumunda olan beyin işləməyə, fasiləsiz olaraq aldığı məlumatları dərk etməyə və dəyərləndirməyə davam edə bilir.

Bu vəziyyət diqqətimizin şəxsən özümüzə fokuslanmasına da yardım edir. Səssizlik düşüncələrə dalmaq fürsəti də yaradır.

Heç fasilə vermədən danışmaq əvəzinə, nə zaman danışıb nə zaman susacağınızı bilmək sizə daha çox uğur qazandırar.

Səssizlik - söhbətin ən önəmli hissəsi

Sükut etməyin əhəmiyyətini maraqlı bir söhbət və ya qızğın bir müzakirə əsnasında xatırlamaq çətindir, halbuki hər hansı polemikada zaman-zaman susmağı bacarmaq nəticəyə təsir edən ən təsirli vasitədir.

Pauzalar daha sakit və daha ağıllı danışmaq imkanı verir, bu isə o deməkdir ki, söhbətlər-müzakirələr zamanı heç bir işə yaramayan emosiya püskürməsiylə normal davranış arasındakı fərqi məhz səssizlik yaradır.

Leonardo da Vinçi də hesab edirdi ki, insanın nüfuzunu artıran ən güclü "silah" səssizlikdir.