Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri


Dünya 21 Fev 2019 20:34:00 201 0

Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri

Ermənistanda yeni hökumətin təşkili fikir ayrılığına səbəb olub. Baş nazir Nikol Paşinyan nazirliklərin sayını azaltmağı planlaşdırır. Ləğv ediləcək nazirliklər arasında diasporla bağlı nazirliyin olması erməni ekspert dairələrində müəyyən ajiotaj yaradıb. Bir sıra ekspertlər hesab edirlər ki, diasporla əlaqələrin pisləşməsi erməni dövlətçiliyi üçün öldürücü ola bilər. Hazırda diasporun Ermənistana yardımları az deyil. Ənənəvi olaraq, xaricdə yaşayan ermənilər Ermənistana müxtəlif məsələlərdə dəstək veriblər. İndi isə onların təsiri xeyli azalıb. Bu o deməkdir ki, erməni diasporuna havadarlıq edən dövlətlərin siyasi və geosiyasi mövqeyi transformasiyaya uğrayır. Bununla erməni diasporu ilə bağlı yaradılan mif də sabun köpüyü kimi dağılır. Ermənilərin ağaları artıq onlardan köləliyin başqa formasını tələb edirlər. Bunun fonunda N.Paşinyanın yeritməyə çalışacağı xəttin təhlilinə ehtiyac vardır.

Ənənə davam edir: Sarkisyandan sonrakı saxtakarlıq

Son.az newtimes.az-a istinadən xəbər verir ki, Ermənistanda parlament seçkisində özünü göstərən bir sıra ziddiyyətlər hökumətin formalaşmasına da təsir etməkdədir. İndi Ermənistanda Nazirlər Kabinetinin islahatları prosesi diqqət mərkəzindədir. Ekspertlər baş nazirin məqsədinin nədən ibarət olduğunu müəyyən etməkdə çətinlik çəkirlər. O cümlədən N.Paşinyanın diaspor ilə bağlı 2008-ci ildə yaradılmış nazirliyin ləğv ediləcəyi haqqında bəyanatı çoxlu suallar yaradıb.

Xatırladaq ki, diasporla iş üzrə nazirliyi SerjSarkisyan yaratmışdı. Ekspertlərin fikrinə görə, o, bunu dövlətin maraqları üçün deyil, özünün siyasi məqsədləri naminə etmişdi. Belə ki, 2008-ci ildə prezident seçkisindən sonra baş verən hadisələr diasporla Ermənistan hökumətinin münasibətlərini gərginləşdirmişdi. Xüsusilə Qərbdəki diaspor təşkilatları seçkinin yenidən keçirilməsini, dinc nümayişçiləri qətlə yetirənlərin cəzalandırılmasını, saxtakarlıq hallarına yenidən baxılmasını tələb edirdi. Hətta o zaman ABŞ Ermənistandakı bir sıra layihələrini də ləğv etmişdi.

Belə görünürdü ki, S.Sarkisyanın bu üsulla hakimiyyətdə qalmasını Amerika istəmirmiş. Deməli, S.Sarkisyan başqa böyük dövlətin layihəsi imiş. Həmin səbəbdən də seçkinin nəticəsindən Vaşinqton narazı idi. Ancaq indi aydın olur ki, ABŞ və bütövlükdə Qərb ikili standartlar siyasəti yeridərək Ermənistandakı seçkinin nəticələrinə obyektiv qiymət vermədi, susdu və faktiki olaraq qanunsuz hesab etdikləri Ermənistan iqtidarı ilə əməkdaşlıq etdilər. Onunla bütün Qərb dövlətləri heç nə olmamış kimi əlaqələr qurdular. Bu saxta prosesin nəticəsi indi bəllidir.

Doğrudan da, S.Sarkisyanməhz Amerikanın qurduğu ssenari üzrə hakimiyyətdən uzaqlaşdırıldı. Yalnız bundan sonra Vaşinqton açıq bildirdi ki, Ermənistanda prezident seçkisi demokratik qaydalara uyğun olmayıb. Diasporla bağlı məsələdə bu proses nəyi ifadə edir? Hər şeydən öncə, Ermənistan hakimiyyətinin siyasi spekulyasiyalarla məşğul olduğunu. Əslində, S.Sarkisyanı öz şəxsi maraqları daha çox düşündürüb. Onun nə xalq, nə ölkə, nə də diaspor vecinə olmayıb. İrəvanın küçələrində Ermənistan vətəndaşlarını gülləbaran edir, ancaq xaricdə yaşayanlara "qayğı" göstərdiyini nümayiş etdirirdi. Yəni "diaspor ermənisi" "vətəndaş erməni"dən daha qiymətlidir! Təbii ki, bu, saxta, antiinsani bir münasibət idi. Həmin keyfiyyət, əslində, Ermənistan siyasi mühitinə və idarəetməsinə xas olan cəhətdir.

İkincisi, Ermənistana havadarlıq edənlər də öz maraqlarını güdüblər. Seçkidən sonra S.Sarkisyana güc tətbiq etməyi rəva görənlər də, buna göz yumub, həqiqəti deməyənlər də. Konkret desək, həm Qərb, həm də Şərqdəki havadarları xalq, cəmiyyət deyil, öz siyasi hesabları narahat edir. Nəticədə, sadə insanlar həyatlarını itiriblər.

Üçüncüsü, bunların fonunda diaspor nazirliyinin yaradılması sırf süni bir addım idi. Bunu həmin nazirliyin fəaliyyəti də təsdiqlədi. Faktiki olaraq bu nazirlik heç bir uğur qazana bilmədi. Əksinə, Azərbaycanın diplomatik və ideoloji aktivliyi erməni hakimiyyəti ilə yanaşı diasporunu da iflic halına saldı. ABŞ və diaspor təşkilatları Ermənistana yardımları sürətlə azaltdılar. Bunu erməni ekspertlər açıq etiraf edirlər.

Belə çıxır ki, N.Paşinyanın küçə hərəkatını təşkil edənlərin diaspor təşkilatları ilə bağlı öz planları varmış. Və həmin planı N.Paşinyan hakimiyyətdə yerini möhkəmlədəndən sonra reallaşdırmağa başladılar. Konkret olaraq, diaspora yerini göstərirlər: sən artıq lazım deyilsən! Öz funksiyanı yerinə yetirdin, indi arxa plana keçə bilərsən. Əslində, bu dəyişiklik erməni siyasətində ciddi düzəliş etmək anlamına gəlir. Onun iki tərəfi vardır.