ATƏTdə Xocalı məsələsi qaldırılacaq


Siyasət 21 Fev 2019 17:20:00 250 0

ATƏTdə Xocalı məsələsi qaldırılacaq

Azərbaycan nümayəndə heyəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) Xocalı soyqırımı ilə bağlı məsələ qaldıracaq.

Son.az xəbər verir ki, bu barədə modern.az-a Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini Tahir Mirkişili məlumat verib.

O bildirib ki, sabah - fevralın 22-də ATƏT regionunda həlli uzadılmış konfliktlərin müzakirəsi olacaq.

"Bu məqsədlə xüsusi debat nəzərdə tutulub. Azərbaycan nümayəndə heyəti də bu debata aktiv qatılmağı planlaşdırır və konfliktlərin həlli üçün ədalətli mexanizmlərdən istifadənin vacibliyini irəli sürəcək. İkigərəfli görüşlərdə və çıxışlarda da Xocalı soyqırımı və münaqişə haqda yeni reallıqlarla b ağlı məlumatlandırma və ədalət tələbetmə xəttini davam etdirməyi düşünürük".

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev, Tahir Mirkişili, Elşad Həsənov, Kamran Nəbizadə və Ülviyyə Ağayeva daxildirlər.

Qeyd edək ki, qurumun qış sessiyası çərçivəsində keçiriləcək komitə iclaslarında "Uzun sürən münaqişələrin həlli üçün ATƏT-in imkan və mexanizmləri", "ATƏT regionunda korrupsiya, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində effektiv idarəetmə", "Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanuni məhdudlaşdırılmasının təsir sahələri" və digər mövzularda fikir mübadiləsi aparılacaq.  

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ATƏT PA-nın İpək Yoluna dəstək qrupunun tədbirlərinə qatılacaq, Avstriyanın İpək Yolu regionunda qarşılıqlı əlaqənin və nəqliyyat infrastrukturunun inkişafına xidmət edən "Twin-Continent-1520" adlı yeni innovativ layihə ilə tanış olacaqlar.

Səfər çərçivəsində Vyanada İpək Yoluna Dəstək Qrupunun 5-ci iclası da keçiriləcək. Qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev son bir ildə görülən işlər və gələcək fəaliyyət haqqında üzv ölkələrin nümayəndələrinə məlumat verəcək. İclasda İtaliyanın qrupa üzvlük haqqında etdiyi müraciət,  Qrupun 2019-cu ildə təşkil edəcəyi Beynəlxalq İpək Yolu Konfranslarına hazırlıq və digər məsələlər  müzakirə olunacaq.