Tahir İmanov: ""Məhəllə" yaradılanda Qüdrət harda idi axı?"


Digərləri 21 Fev 2019 15:08:00 290 0

Tahir İmanov: ""Məhəllə" yaradılanda Qüdrət harda idi axı?"

“Planet Parni iz Baku”nun sənət əsəri olan “Məhəllə 3” 15 ildən sonra efirə qayıdır

"Planet Parni iz Baku"nun sənət əsəri olan "Məhəllə 3" 15 ildən sonra efirə qayıdır.

Quruluşçu rejissoru İsmayıl Zeynalovun olduğu filmin köhnə qəhrəmanları dəyişməz olaraq Tahir və Cabir İmanov qardaşlarının oynadığı Eliş və Roşkadır.

Son.az bildirir ki, oxu.az filmin prodüseri Tahir İmanovdan müsahibə alıb.

"15 ildə "Məhəllə"miz çox dəyişib"

- Tahir müəllim, sonuncu "Məhəllə" 2004-cü ildə çəkilmişdi. 15 il sonra "Məhəllə" yenidən ekrana qayıdır. Bu 15 ildə "Məhəllə"də çoxmu şey dəyişib?

- Təbii ki, özümüz dəyişiriksə, "Məhəllə"miz də dəyişir. Dəyişməyən "Məhəllə"nin əbədi sakinləri - Eliş və Roşkadır...

- Deyəsən, onların geyimləri də dəyişmir.

- Artıq geyimləri də dəyişir. Tamaşaçıları intizarda saxlayacağıq. Çünki filmin ilk hissəsində onlar tamamilə fərqli görkəmdə olacaq. Ancaq filmdə baş verən hadisələr onları köhnə paltarlarını, "şap-şup"larını geyinməyə məcbur edəcək. Bu obrazları yaradanda cəmi 24-25 yaşımız vardı, indi isə 45 yaşdayıq. Bununla belə, qərara gəldik ki, Eliş və Roşka sovet cizgi filmlərinin qəhrəmanları "Leopold", "Çeburaşka" kimi, əvvəldən necə varsa, elə də qalsınlar. İllər keçsə də, onların yaşları da dəyişməyib. Bizim yaşımız isə keçir. Fikirləşdik ki, beş il də keçsə, biz o obrazları həmin yaşda canlandıra bilməyəcəyik...

Sualınıza gəlincə, "Məhəllə" dəyişib. Yeni hadisələr, yeni macəralar peyda olub. Ona görə də Eliş və Roşkanın şəhərin mərkəzində baş verən bu hadisələrə baxışını, mövqeyini mütləq ortaya qoymalıydıq. Düşünürəm ki, buna nail olduq.

- "Məhəllə 2 Moskvada" özünü çox gözlətmədi. "Məhəllə 1"dən bir il sonra çəkildi. Hər iki film çox uğurlu alındı və geniş auditoriya tərəfindən izlənildi. Bəs "Məhəllə 3"ün 15 il gözləməsinə səbəb nə oldu?

- Əslində, bu filmlərin arasında səkkiz dəfə "Məhəllə" "Planet Parni iz Baku" KVN teatrının səhnələrində yer alıb. Ona görə deməzdim ki, elə böyük fasilə olub. Sonuncu "Məhəllə"ni teatr səhnəsində 2012-ci ildə göstərmişik. Onda qərara gəldik ki, böyük bir fasilə verək. Bununla filmin ajiotajı da böyük olacaq. Nə qədər çox gözlənilsə, effekti də gözəl alınar. Mən buna böyük fasilə yox, "pauza" deyərdim. Pauza isə uzunmüddətli olmur.

"Onu təqdim edəndə fikirləşdim ki, bu aktrisaya heç kastinq də lazım deyil"

- Siz hər filminizdə Xalq artistlərinə müraciət edirsiniz. Konkret "Məhəllə"dən götürsək, Nəsibə Zeynalova, Yaşar Nuri, Hacı İsmayılov, Aftandil İsrafilov, Əjdər Həmidov kimi Xalq artistləri ilə işləmisiniz. Bu dəfə yeni sima kimdir?

- Bu dəfə daha bir Xalq artistimiz Nübar Novruzovanı bu filmə dəvət etmişik. Əslində, bu, Nübar xanımla ikinci işimizdir. Epizodik olsa da, mən onunla birgə Yuli Qusmanın 2013-cü ildə çəkdiyi "Qorxma, mən səninləyəm! 1919" filmində yer almışam. Bu dəfə o da məhəllənin yeni sakinidir.

Özünə də demişəm ki, onunla işləmək uşaqlıqdan arzum olub. Çünki gözümü açandan Nübar xanımı televiziya tamaşalarında görmüşəm. Yaradıcı qrupa Nübar xanımı təqdim edəndə fikirləşdim ki, bu aktrisaya heç kastinq də lazım deyil. Yüz faiz əmin idim ki, o, rolunu ən yüksək səviyyədə oynayacaq, belə də oldu.

Düz qeyd edirsiniz ki, filmlərimizdə hər dəfə bir Xalq artistinə müraciət edirik. "Məhəllə"nin əvəzedilməz sahə müfəttişi roluna biz əvəzolunmaz aktyor Hacı İsmayılovu dəvət etmişik. Biz onunla 2003-cü ildə işləmişdik. Kimisi ulduz xəstəliyinə tutulur, kimisi deyir ki, sizinlə bir də başqa layihələrdə işləmək istəmirəm. Amma Hacı müəllimə zəng edəndə böyük məmnuniyyətlə bizimlə işləyəcəyini dedi. Yəqin ki, işimiz onu qane edib ki, bu cavabı eşitdik. Belə aktyorlardan müsbət cavab alanda başa düşürsən ki, sənin əziyyətin boşa getməyib.

Dediniz ki, əvvəlki "Məhəllə"lər uğurlu alınıb. İlk "Məhəllə" çəkildikdən sonra bir neçə aktyor, jurnalist bu filmi pislədi. Daha dəqiq desəm, əksəriyyəti pislədi. Biri "səviyyəsiz filmdir" dedi, o biri "KVN-çilər hara, kino hara" dedi, üçüncü qisim isə "bu cür bayağılıq Azərbaycan film tarixində hələ olmayıb" kimi fikir səsləndirdi. Məsələn, ANS "Nəsibə Zeynalova kimi korifey aktrisamız necə belə filmdə çəkilməyə razılıq verdi? Yəqin, onun maddi durumu yaxşı olmayıb deyə, çəkilib" dedi. İllər ötdü ki, həmin o aktyor və aktrisalarımız fikirlərini dəyişdi və "Məhəllə"ni artıq şedevr adlandırmağa başladılar. Halbuki özüm onu belə adlandırmazdım. "Məhəllə" normal, gülməli, hardasa satirik bir filmdir.

Görəsən, niyə biz işləyən adamların zəhmətinə qiymət verə bilmirik? Niyə biz adama yalnız öldükdən sonra əfsanə, korifey deyirik, niyə ona sağlığında qiymət vermirik? Nəsibə Zeynalova sağ idi, ona sağlığında niyə o sualı vermirdilər? Yeri gəlmişkən, "Məhəllə" Nəsibə xanımın sonuncu filmi oldu. Allahıma şükür edirəm ki, mən, qardaşım, rəhmətlik Elçin Həmidov böyük sənətkarla çəkiliş meydançasını bölüşdük. Ramiz Fətəliyev kimi dramaturq, kinossenaristi o filmə dəvət etdim. Demək olar ki, təmənnasız o filmdə rejissorluq etdi.

Bir adam da sevinmədi ki, onun kimi böyük şəxsiyyət, Xalq artisti yaradıcılığını davam etdirir. Onunla iş birliyimiz son illər daha da sıx olub. Biz başqa ölkələr üçün ssenari yazıb layihələr həyata keçiririk. Moskvadan böyük rejissor və prodüserlər yalnız Ramiz Fətəliyevin əlini sıxmaq üçün bura gəlir. Çünki deyirlər ki, o, sovet məktəbinin ən sonuncu nümayəndəsidir. Bu cür adamların qiymətini bilmək lazımdır.

Belə çıxır ki, əcnəbilər burdakıların qədrini bilir, amma bizim bəzi jurnalistlər ağızlarına gələni yazırlar ki, populyarlıq qazansınlar. 2017-ci ildə "Bəxt üzüyü 2" filmi çəkiləndən sonra müsbət rəylər çox olsa da, mənfiləri də vardı. Amma mən "Məhəllə" barədə fərqli şeylər deyən adamlardansa, onlara daha çox hörmət edirəm. Əsas odur ki, fikirlərini dəyişməsinlər. Çünki bu, onların mövqeyidir və buna hörmətlə yanaşıram.

İncəsənət elə bir sahədir ki, zövq məsələsidir. Məsələn, rokdan, aşıq mahnılarından hamının xoşu gələ bilməz. Aşıq musiqilərindən xoşum gəlsə də, dastanlar oxunanda bəyənmirəm. Bu da mənim hüququm, mənim zövqümdür. Hard-rokdan, bayağı meyxanalardan xoşum gəlmir. Ona görə də filmlərdən də hamının xoşunun gəlməsi düz olmaz. Ancaq subyektiv fikirləri obyektiv kimi təqdim etmək qəbahətdir. Müsahibələrimdə həmişə deyirəm ki, bu, mənim subyektiv fikrimdir və hamısının düz olduğunu iddia etmirəm.