Ağacları nə vaxt və necə budamaq olar?


Digərləri 21 Fev 2019 11:39:00 255 0

Ağacları nə vaxt və necə budamaq olar?

Paytaxtın bir neçə istiqamətində, eləcə də ölkənin digər ərazilərində ağacların qol-budağının kəsilməsinə, aqrotexniki dillə desək, budanmasına rast gəlinir. Təbii ki, bu da haqlı olaraq "budanma vaxtında və düzgün aparılırmı?" sualını doğurur.

Son.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisi Rəhim İbrahimov bəzi tövsiyələrini bölüşüb.

İlin bu vaxtında budanmanın aparılmasının nə qədər düzgün olub-olmamasına aydınlıq gətirən mütəxəssisin fikrincə, hazırda budanmanın aparılması düzgündür: "Ağaclarda vegetasiya dövrü başa çatdıqdan, yəni yarpaqlar saralıb töküləndən sonra payız, qış və erkən yaz dövründə budanma aparılmalıdır. Budanma ağacın növündən, yaşından asılı olaraq aparılır. Əgər ağacın yaşı çoxdursa, budanma cavanlaşdırma məqsədi daşıyır. Bunun üçün ağacın  çətirinin forması saxlanılmaqla gövdənin baş hissəsindən, əsasən isə xəstə, quru, qurumaqda olan və həşəratlarla sirayətlənmiş budaqların kəsilməsinə önəm verilməlidir. Kəsilmiş hissələrə isə xüsusi hazırlanmış ağac boyası sürtülməlidir".

R.İbrahimov budanmanı necə aparmaq lazım olduğunu, ağac növünə görə fərq qoymaq lazım gəlib-gəlmədəyini də izah edib: "Bəli, fərq qoyulmalıdır. Meyvə ağaclarında budanma ancaq xəstə, bar verməyən, quru budaqların kəsilməsi ilə həyata keçirilir. Yox, əgər ağacın çətiri küləyin təsirindən bir tərəfə inkişaf edibsə, onda budanma çətirin formalaşdırılması istiqamətində, gövdəyə yaxın hissədən aparılmalıdır. Əks təqdirdə tam kəsilməyən hissə yağışdan çürüyərək həşəratların məskəninə çevrilir, sonda həmin budağın və gövdənın qurumasına gətirib çıxarır".