İqlimin ən təzadlı dövrü Boz ay FOTO


Digərləri 20 Fev 2019 22:38:00 265 0

İqlimin ən təzadlı dövrü  Boz ay  FOTO

Xalq təqvimində xüsusi yer tutan Boz ay Novruz bayramından əvvəl bir ayı əhatə edən dövrə verilən addır. Xalq arasında bu dövrə boz ayla yanaşı, "alaçalpo(v)", "çilləbeçə"lər, "ağlar-gülər ay" da deyirlər. Ayın bu cür adlandırılması onun buludlu, yağışlı, küləkli, bəzən də günəşli, bir sözlə, dəyişkən olması ilə bağlıdır.

"Küsəyən ayın" rəvayəti

Son.az bildirir ki, AZƏRTAC-a müsahibəsində bu barədə danışan tədqiqatçı Zaleh Novruzovun sözlərinə görə, xalq arasında qışı müəyyən zamanlara bölüb ona müxtəlif adlar veriblər. Qışın Böyük çilləsinin 40, Kiçik çilləsinin 20 və Boz ayın 30 gün bölgüsünə el deyimlərində də rast gəlirik. Həsən bəy Zərdabi isə onların hər birinin 30 gün olduğunu yazırdı. Boz ayda 4 ünsür - su, torpaq, yel və odla bağlı dörd çərşənbə təntənəli şəkildə qeyd edilərmiş. Belə rəvayət olunur ki, qədim dövrlərdə insanlar ili 12 aya bölür, hər aya 32, Boz aya isə 14 gün düşür. Boz ayın incidiyini görən ayların hər biri ona bir gün verir. Boz ay yenə razılaşmır. Ancaq bu dəfə ayların bəziləri bir gün versə də, digərləri vermir. Xalq arasında belə bir təqvimin, həqiqətən də, olduğunu bir tapmaca da təsdiq edir:

Bir ağacım var

On iki budaqlı,

Otuz iki yarpaqlı.

Dörd çərşənbə, dörd müqəddəs

Zaleh Novruzov vurğulayıb ki, Boz ayda olan dörd çərşənbə müqəddəs sayılıb və təbiətin dəyişilməsində dörd ünsür - su, torpaq, yel və od mühüm rol oynayıb. Boz ayla bağlı folklorşünas Bəhlul Abdulla "Kommunist" qəzetinin 1989-cu il 24 fevral tarixli nömrəsində dərc olunmuş "Novruz gəlir" adlı məqaləsində yazır: "Boz ay çilləbeçələrə bölünür. Etiqada görə, çərşənbələrdən birinci üçünə "oğru buğ" ("oğru üskü"), ikinci üçünə "doğru buğ" ("doğru üskü"), sonuncuya isə ilaxır çərşənbə deyilir. Bu çərşənbələrin hər birinin ayin və mərasimləri var. Məsələn, torpağa dəyən ilk "oğru buğ"da insanlar tonqal üstündən hoppanmaqla yanaşı, öncədən düzəltdikləri lopanı alışdırıb üç kərə ev-eşiyin çevrəsinə dolandırıb, "Qaçın-qaçın, şeytanlar, sizi odda qalaram", deyərmişlər. Ayinə görə, şər qüvvələr qorxub qaçarmışlar.

Yalançı və xəbərçi çərşənbələr

Tədqiqatçı bu mövzuda apardığı araşdırmalar barədə də danışaraq deyir ki, digər qaynaqlarda da əlavə çərşənbələrin olması haqda məlumatlar var. Əzizə Cəfərzadə 1989-cu il 3 mart tarixli "Ədəbiyyat və incəsənət" qəzetində "Anam deyərdi ki..." məqaləsində yazır ki, əslində, dörd çərşənbə var, analar bu çərşənbələrin sayına ikisini də əlavə edirdilər: yalançı çərşənbə, xəbərçi çərşənbə. Bu çərşənbələrin xuşkəbəri (quru meyvəsi) çox olmazdı. Şam da çox yandırılmazdı. Xörəyi də yüngül çilovdan-zaddan olardı. Çərşənbələrin, bayram axşamının öz xörəkləri var. İlaxır çərşənbə və bayram axşamında turşulu plov bişirmək olmaz. Yəni narqovurma, turşu qovurma, sirkəplov, zirinc plov bişirilməz. Yalançı çərşənbədə - sirkəplov, xəbərçi çərşənbədə - lobya çilov (balqabaqla), birinci çərşənbədə narqovurma və ya turşu qovurma, ikincidə - paxlaplov, üçüncüdə - səbzi qovurma, ilaxır çərşənbədə - çığırtma və ya şirinplov kişmiş, bayram axşamı isə qaysı ilə toyuqplov bişirilərdi.

Hər şeydən əvvəldir yaşıl səməni

Əhali boz ayda, adətən, bayrama hazırlaşır. Birinci bayram səmənisi qoyulur. Əvvəlki dövrlərdə bütün qışı içəridə yanan buxarı və kürsü təndirinin tüstüsü tavan və divarları qaraltdığı üçün evlər təmizlənər, divarlar ağardılardı.

Professor Mirəli Seyidov 1989-cu il 4 mart tarixli "Kommunist" qəzetində dərc olunan "Yaz-günəş bayramı" sərlövhəli məqaləsində yazır ki, qədim azərbaycanlılar təqvimlə bağlı vaxt anlayışını hərdən canlandırmış, hərdən insan kimi gözə çarpdırmış, hərdən isə zoomorfik dünya ilə əlaqələndirmişlər.

Etnoqraf Qəmərşah Cavadov da bu mövzuya uyğun folklor nümunəsini misal çəkir:

Babamın bir çuxası var, on iki cibi.


Xəbərə aid fotolar