BMT: Urbanizasiya şəhərlərin idarə olunmasına yeni yanaşma tələb edir


Dünya 20 Fev 2019 21:56:00 293 0

BMT: Urbanizasiya şəhərlərin idarə olunmasına yeni yanaşma tələb edir

Bu gün planetimizin bütün sakinlərinin 55 faizi şəhərlərdə yaşayır. Yaxın illərdə əsasən Afrika və Asiyada urbanizasiya hesabına şəhər sakinlərinin sayı daha da artacaq. Şəhər sakinlərinin sayının sürətlə artması ilə əlaqədar, xüsusən sənayeləşmə sahəsində, yeni imkanlar yaranır, lakin bununla bərabər şəhərlərdə əhalinin həddən artıq sıxlaşması, qeyri-bərabərliyin artması və ətraf mühitin deqradasiyaya məruz qalması labüd olur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu təşkilatın Nyu-Yorkdakı qərargahında keçirilmiş iclası davamlı inkişaf, ərzaq təminatı və iqlim dəyişmələrinin ləngildilməsində şəhərlərin rolu məsələsinə həsr edilib. BMT Baş Assambleyasının sədri Mariya Fernanda Espinosa müxtəlif qitələrdə yerləşən bir sıra şəhərlərin merlərinin də cəlb edildiyi bu iclasın iştirakçılarına müraciətlə qeyd edib ki, sürətli urbanizasiya şəhərlərin idarə olunmasına yeni yanaşma tələb edir. Espinosa xatırladıb ki, 2050-ci ilə qədər planetin sakinlərinin 70 faizi şəhərlərdə yaşayacaq.

Azərbnaycan Dövlət Statistika Komitəsinin 1 yanvar 2019-cu il üçün məlumatına görə, respublikamızın sakinlərinin sayı 9 milyon 981 min 457 nəfər olub. Ölkə əhalisinin 52,8 faizi şəhərlərdə, 47,2 faizi kənd yerlərində yaşayır. Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır.

BMT-nin bu yaxınlarda dərc edilmiş məruzələrinin birində göstərilir ki, hazırda Şimali Amerikada şəhərlərin sayı daha çoxdur. Orada əhalinin 82 faizi şəhərlərdə yaşayır. Afrika və Asiyada şəhər sakinlərinin sayı hələlik xeyli aşağıdır, lakin 2030-cu ilə qədər Afrika sakinlərinin 47 faizi və Asiya əhalisinin 56 faizi şəhərlərdə yaşayacaq. O vaxtadək Avropada şəhərlilərin sayı 77 faizə çatacaq.

Şəhərlər intellektual fəaliyyət, ticarət, mədəniyyət, elm, məhsuldar əmək və sosial inkişaf mərkəzləridir. Bununla bərabər, şəhərlərin çoxu böhran mərkəzlərinə, bəzi şəhər rayonları isə "getto"lara, dilənçiliyin və cinayətkarlığın kütləvi hal aldığı yerlərə çevrilməkdədir.

İstər inkişaf etməkdə olan, istəsə də inkişaf etmiş ölkələrin sakinlərinin çoxu üçün mənzil əlçatmaz olur. Bu gün bütün dünyada təqribən 1,6 milyard insanın mənzil şəraiti qeyri-qənaətbəxş vəziyyətdədir. Şəhərlərdə təqribən 1 milyard sakin xarabalıqlarda məskunlaşıb.

BMT Baş Assambleyasının budəfəki, 73-cü sessiyasında iştirak edən dövlətlər 2016-cı ilin oktyabr ayında Kito şəhərində qəbul edilmiş "Şəhərlərin İnkişafı Proqramı"nın əhəmiyyətini bir daha vurğulayıblar. Urbanizasiya sahəsində qarşıda duran məsələlərin bir növ gündəliyi olan bu Proqramda ekoloji cəhətdən salamat şəhərlərin tikintisi və inkişafı strategiyası öz əksini tapıb.