Bu gün Dünya Sosial Ədalət Günü qeyd olunur


Dünya 20 Fev 2019 21:02:00 202 0

Bu gün Dünya Sosial Ədalət Günü qeyd olunur

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası hər il fevralın 20-sinin Dünya Sosial Ədalət Günü kimi qeyd edilməsinə qərar verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, BMT-nin bəyanatında sosial ədalətin həm ölkələrin daxilində, həm də dövlətlərarası münasibətlərdə dinc şəraitin və rifahın təmin olunmasının əsas prinsiplərindən biri olduğu vurğulanır. "Biz sosial ədalət prinsiplərini dəstəkləyirik, qadınlarla kişilərin bərabərliyini, yerli xalqların və miqrantların hüquqlarını müdafiə edirik. Həmçinin sosial ədalətin bərqərar olmasına köməyimizi əsirgəmirik, bu yolda cinsiyyət, yaş həddi, irqi, etnik və dini mənsubiyyət, mədəniyyət və ya əlillik zəminində bütün maneələr aradan qaldırılmalıdır", - deyə BMT-nin bəyanatında qeyd olunur.

BMT-nin bəyanatında əlavə olunur ki, sosial ədalətə nail olmaq təşkilatın qlobal hədəflərinin mərkəzində dayanır. Daha sonra bildirilir: "Beynəlxalq Əmək Təşkilatının ədalətli qloballaşma məqsədilə qəbul etdiyi Sosial Ədalət Bəyannaməsi BMT sistemində fəaliyyət göstərən strukturların bu mühüm məsələyə diqqətinin təzahürüdür. Bəyannamədə məşğulluq sahəsində hamı üçün ədalət prinsiplərinin təmin edilməsi, sosial müdafiə, sosial dialoq və iş yerində insanların hüquqlarının qorunması problemləri öz əksini tapıb".