Deputat: "Azərbaycandakı boşanmaların sayına məəttəl qalmışıq"


Digərləri 20 Fev 2019 20:29:00 277 0

Deputat: "Azərbaycandakı boşanmaların sayına məəttəl qalmışıq"

Son.az bildirir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, deputat Aqiyə Naxçıvanlı Media.az-a verdiyi müsahibədə ölkədəki ailə həyatı, mənəvi-əxlaqi dəyərlərlə bağlı müasir tendensiyaları nəzərdən keçirib və mövcud situasiyanı yaxşılığa doğru dəyişmək üçün öz təkliflərini irəli sürüb.

- Rəsmi statistikaya əsasən, Azərbaycanda hər dörd nikahdan biri boşanma ilə nəticələnir. Bakıda az qala hər üç nikahdan birində cütlük yollarını ayırır. 

- Sözün düzü, biz də buna məəttəl qalmışıq. Dövlət gənclər üçün hər cür şərait yaradır, yetkinləşməkdə olan nəslin inkişafına hər cür dəstək olur. Bununla belə, bizim cəmiyyətə yad olan hallarla qarşılaşırıq.

Bir çox ölkələrdə analoji göstəricilərin Azərbaycandakı rəqəmləri üstələdiyi təsdiqini tapsa da, bizim ölkəni başqaları ilə müqayisə etmək düzgün olmaz. Ona görə ki, bizdə uzun əsrlərdən kök salan tam fərqli əxlaqi-mənəvi dəyərlər var. Mənə elə gəlir ki, burada bir sıra nüanslar qeyd olunmalıdır. Məsələn, bəzən bizim gənclər ailə qurmağa tələsir, hərtərəfli düşünmədən bu addımı atır.

Bəzi hallarda valideynlərin təkidi ilə bağlanan nikahlar belə acınacaqlı nəticələrə gətirib-çıxarır. Erkən nikahlar və ər-arvadın bir-birini anlamaması da buna misal gətirilə bilər.

Bundan başqa, gənclərin ailə qurmağa və ümumilikdə, ailə həyatına hazır olub-olmaması da öz rolunu oynayır. Belə olan hallarda insanlar hər şeyə həddindən artıq nikbin yanaşır, onun nəticələri barədə düşünmür, ailənin kiçik bir dövlət olduğu və bu "dövlət"də qarşılıqlı hörmət, qarşılıqlı anlayış, güzəştə getmə və digər vacib şərtlərin olduğu barədə düşünmür.

Ən təhlükəlisi odur ki, bir çox cütlüklər heç də övladlarının olmamasına görə boşanmır. Nəticədə, əmlak bölgüsü gedən vaxt uşaqlar ortada qalır. Məhkəmə işləri onlarda mənəvi travma yaradır. Əsl ailədə birlik, qarşlılıqlı anlayış, qarşlılıqlı hörmət, bağışlama və dinləmə bacarığı olmalıdır. Bu, çox vacib şərtdir.

Onu da əlavə edə bilərəm ki, bəzən gənc ailələrin dağılmasında onların həyatına müdaxilə edən valideynlər böyük rol oynayır. Onlar bu müdaxilələri və nəyi necə etməli olduqlarına dair "tövsiyə"ləri ilə cütlük arasındakı ixtilafları daha da kəskinləşdirir.

Bəzən özümə belə bir sual verirəm. Bəs bizə xas olan ailə dəyərləri necə oldu? İnsanların milli mənəvi-əxlaqi dəyərlərdən uzaq düşməməsi üçün biz bir SOS siqnalı göndəririk.

- İnsanların ailə dəyərlərindən uzaqlaşması nə ilə əlaqədardır?

- Bilirsiniz, bu gün bizim ölkə üçün xarakterik olmayan hallar yaşanır. Məsələn, bu vətəndaş nikahı hardan çıxıb? Nə İslamda, nə Ailə məcəlləsində, nə də konstitusiyada belə bir şey yoxdur. Gənc nəsil hansısa modeldən nümunə götürürsə, bu, bizim üçün qeyri-məqbuldur. Avropada ailə dağılsa belə, uşaq onun ən müqəddəs parçası olaraq qalır.

Ana və ata uşaqlarının qayğısına qalmağa borcludur, alimentləri ödəməlidir və ümumilikdə onların tərbiyəsi və inkişafı ilə məşğul olmalıdırlar. Bəs bunun əvəzində nə baş verir?

Qəbul günlərində mənə müraciət edən qadınlar aliment barədə danışır, uşaqlarının atasının alimentləri ödəmədiyindən, haradasa gizləndiyindən giley-güzar edir. Bizdə əvvəllər heç vaxt belə şey olmayıb ki, ata və ya ana uşaqlarına biganə qalsın. Ona görə də söhbət insanların bizim milli dəyərlərdən uzaq düşməsindən gedir. Əvvəllər biz özümüzdən böyüklərə, ağsaqqallara, ağbirçəklərə qulaq asardıq, indi isə bəziləri heç valideynlərini dinləmir, iki aydan sonra dağılan ailə qurur.