Bu məktəb Azərbaycan üçün 4 "Eurovision" təmsilçisi yetişdirib


Digərləri 20 Fev 2019 14:47:00 271 0

Bu məktəb Azərbaycan üçün 4 "Eurovision" təmsilçisi yetişdirib

Azərbaycanda musiqi təhsilinin inkişafında mühüm işlər görən bu məktəb 1931-ci ildə fəaliyyətə başlayıb. 1990-ci il fevralın 9-da musiqi məktəbinə görkəmli müğənni, dünya şöhrətli sənətkar Rəşid Behbudovun adı verilib. 2006-cı ildən etibarən isə onbirillik tədris müəssisəsinə çevrilib. 1986-cı ildən də Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinə əməkdar mədəniyyət işçisi, musiqişunas Qəmər Quliyeva rəhbərlik edir.

Son.az report-a istinadla reportajı təqdim edir:

Təmirdən yeni çıxmış məktəb

Bizi təhsil müəssisəsinin direktoru Qəmər Quliyeva qarşılayır. Məktəbin yeni təmirdən çıxdığı içəridəki qoxudan dərhal hiss olunur. Əvvəlcə direktorun otağına daxil oluruq. Qəmər Quliyeva bildirir ki, təmirdən sonra məktəbdə əsaslı dəyişiklik olmayıb: "Açığını desəm, böyük müqayisə edə bilmərəm. Çünki bu məktəb hər zaman yaxşı vəziyyətdə idi. Burada hər il, təxminən, 360-370 şagird oxuyur. Təmir zamanı dərslər başqa musiqi məktəbində keçirilirdi. Valideynlərin bəziləri bu vəziyyətdən narazı idilər, çünki şagirdlərin təhsil aldıqları ümumtəhsil məktəbləri bizim məktəbin ətrafında yerləşirdi. Bu səbəbdən, təxminən, 45 nəfər təhsilini dayandırdı. Biz öz yerimizə qayıtdıqdan sonra həmin ailələr övladlarının yenidən bərpa olunmasını istəyirlər, ancaq indi ilin ortası olduğundan buna imkan yoxdur. Əgər sentyabrda yerlər olsa, bərpa oluna bilərlər".

Məktəbə qəbul

Bəzən uşaqlar valideynlərinin istəklərinə uyğun olaraq musiqi təhsili almağa məcbur edilirlər. Direktor qeyd etdi ki, bu kimi hallar imtahan zamanı özünü büruzə verir: "Bəzi uşaqların məktəbə daxil olarkən istedadları insanı heyrətə gətirir. Ancaq bir il sonra uşağın özünü doğrultmadığını görürük. Yalnız fitri istedad kifayət deyil, insan gərək həm də üzərində işləsin. İmtahanda bütün uşaqlara eyni şəkildə baxılır. Bəzən valideynlər fərdi müəllim tutub uşaqlarını əvvəlcədən hazırlaşdırırlar. İmtahan vaxtı isə şagirdlərin bir və ya iki sinif yuxarı yazılmasını istəyirlər. Mən belə şeylərə yol vermirəm. Çünki hər ailənin evdə uşaq hazırlaşdırmağa imkanı yoxdur. Ümumiyyətlə, üç gün ərzində uşaqlara qəbul hansı qaydada keçiriləcəyi haqqında məlumat veririk".

Nizam-intizam qaydaları

Məktəbin nüfuzunu yüksəldən əsas amillərdən biri də nizam-intizam qaydalarıdır. Dəhliz ilə gəzərkən, adətən, məktəbdə gördüyümüz qaçan, bir-biri ilə oynayan uşaqlardan fərqli olaraq, burada şagirdlər olduqca səssizdirlər. Qəmər Quliyeva vurğulayır ki, uşaqlar necə ali bir yerdə təhsil aldıqlarını dərk edir və özlərini buna uyğun tənzimləyirlər: "Burada çalışan müəllimlərin əksəriyyəti ali savadlıdırlar. Mən müəlimlərdən peşəkarlıq və uşaqlara qarşı məhəbbət tələb edirəm. Məktəbdə hər mənada təmizlik şərtdir. Ən vacib tələbim isə müəllimlərin vaxtında iş yerində olmalarıdır. Valideynlər bu məktəbə şəhərin müxtəlif yerlərindən gəlirlər. Yəni Zabratdan, Mərdəkandan, Xırdalandan, Siyəzəndən buraya övladlarını, nəvələrini gətirənlər var. Onlar müəllimləri gözləməli deyil. Əlbəttə, istisnalar olur".