Ombudsmanın nümayəndəsi inklüziv təhsilə həsr olunmuş tədbirdə iştirak edib


Digərləri 20 Fev 2019 14:41:51 282 0

Ombudsmanın nümayəndəsi inklüziv təhsilə həsr olunmuş 
tədbirdə iştirak edib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının dəstəyi ilə icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “Azərbaycanda inklüziv təhsil siyasətinin təhlili” mövzusunda Məşvərət görüşü keçirilib.

Bakı. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Avropa İttifaqının dəstəyi ilə icra olunan “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “Azərbaycanda inklüziv təhsil siyasətinin təhlili” mövzusunda Məşvərət görüşü keçirilib. Trend-in məlumatına görə, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatları nümayəndələrinin, xarici ekspertlərin qatıldığı həmin tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov iştirak edib. Tədbirdə inklüziv təhsil sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə beynəlxalq ekspert tərəfindən hazırlanmış metodologiyanın təqdimatı keçirilib. Ombudsmanın nümayəndəsi çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquqlar sırasında təhsil hüququnun mühüm yerlərdən birini tutduğunu bildirib. O, son zamanlar əlilliyi olan şəxslərin təhsil hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, heç bir ayrı-seçkiliyə yol verilmədən təmin edilməsi ilə bağlı həyata keçirilən hüquqi islahatlar, bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsini daim diqqət mərkəzində saxlayan müvəkkil Elmira Süleymanovanın bu sahədə gördüyü işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, BMT Baş Məclisi tərəfindən 2006-cı il 13 dekabr tarixdə qəbul edilmiş Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının 24-cü maddəsinə əsasən, iştirakçı dövlətlər əlilliyi olan şəxslərin təhsil hüququnu tanıyırlar. Ayrı-seçkiliyə yol vermədən bu hüququn həyata keçirilməsi üçün iştirakçı dövlətlər bütün pillələrdə inklüziv təhsil sistemini və həmin qəbildən olan şəxslərin fasiləsiz təhsil almaq imkanını, bundan əlavə iştirakçı dövlətlər əlilliyi olan şəxslərin əlillik əlamətinə görə təhsildən kənarlaşdırılmamasını, onların digər insanlarla eyni əsaslarla inklüziv, keyfiyyətli və pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin etməlidirlər.