Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər işıq üzü görüb


Digərləri 20 Fev 2019 13:44:00 228 0

Xocalı soyqırımı ilə bağlı ərəb və fars dillərində yeni nəşrlər işıq üzü görüb

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqına qarşı ötən əsrin müxtəlif dövrlərində həyata keçirilən soyqırım aktları ilə bağlı yeni faktların üzə çıxarılması, bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülür. Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında İnstitutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların mühüm rolu var. Bu sahədə İnstitutda indiyədək 30-a yaxın kitab nəşr etdirilib. Erməni qəsbkarlarının son dövrlərdə Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərlə bağlı ərəb və fars dillərində yeni bir neçə nəşr işıq üzü görüb.

Xocalı soyqırımı ilə bağlı Şərqşünaslıq İnstitutunda, biri ərəb və ingilis, digəri isə fars və ingilis dillərində olmaqla, iki buklet nəşr olunub.

İnstitutdan Son.az-a verilən məlumata görə, bukletlərdə 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri görünməmiş vəhşiliklərdən bəhs edilir.

Bu kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyi, 487 nəfərin şikəst olması, 1275 dinc sakinin girov götürülməsi, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmaması, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini itirməsi qeyd edilir.

Hadisələr barədə ətraflı məlumat təqdim edilən bukletlərdə 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamentinin 26 fevralı Xocalı soyqırımı günü kimi elan etməsi, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü işlər, xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası və s. barədə məlumat təqdim edilir.

Bundan əlavə daha öncə Azərbaycan və rus dillərində Milli Məclis tərəfindən çap olunmuş "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" kitabı Şərqşünaslıq İnstitutunun əməkdaşları tərəfindən ərəb dilinə tərcümə edilərək nəşr etdirilib.