BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb (FOTO)


Digərləri 20 Fev 2019 01:28:10 227 0

BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb  (FOTO)

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan "İlin ən yaxşı tələbəsi" adlı müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubiley tədbirləri çərçivəsində təşkil olunan "İlin ən yaxşı tələbəsi" adlı müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. BDU-dan Trend-ə verilən məlumata görə, tədbiri açan Universitetin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, bu sahədə həyata keçirilən çoxsaylı dövlət proqramlarından bəhs edib. Ölkəmizdə dövlət gənclər siyasətinin formalaşmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətlərini qeyd edən F.Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə bunun dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla davam etdirilməsini diqqətə çatdırıb. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Prezident Sərəncamlarını və Fərmanını xüsusilə qeyd edən F.Qurbanov gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıb. F.Qurbanov müasir dövrdə gənclərin qarşısında duran vəzifələri, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işləri qeyd edərək tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətə davamlı olmaları üçün bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirməli olduqlarına da diqqət çəkib. BDU-nun 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı qeyd edərək tələbələri yubiley tədbirlərində aktiv iştiraka çağırıb. Sonra F.Qurbanov "İlin ən yaxşı tələbəsi" adını qazanmış tələbələri təbrik edib, onları universitet həyatında yaxından iştirak etməyə, idman, intellektual yarışlarda, mədəniyyət və incəsənət sahəsində, ölkəmizin inkişafında, onun modernləşdirilməsində daha fəal olmağa çağırıb.