Rəhbərlik əxlaqı, iqtisadi, ictimai, sinfi əxlaq –


Digərləri 19 Fev 2019 22:50:00 262 0

Rəhbərlik əxlaqı, iqtisadi, ictimai, sinfi əxlaq –

İslam əxlaqının çox geniş dairəsi vardır ki, onların bəzisi çox da tanınmamışdır. Əxlaqın məhz bu sahələri ilə tanış olaq.

Rəhbərlik əxlaqı.

Müdir və rəhbərlərin ən çox etdikləri səhvlər ona görə baş verir ki, müdir tabeliyində olan insanları istedad və təcrübələrinə əsasən seçmək əvəzinə, şəxsi yaxınlıq və əlaqələrinə görə seçər. Bu zaman onların arasındakı rabitələrdə naqisliklər yaranar.

Bu bəlanı şeytanın (lən) tələlərindən biri hesab edirlər. Vəzifəli şəxslərin çoxlarının tabeliklərində əsas etibarilə yaxınlarının və qohumlarının olduğu üçün, onlar gerçəkliyi və həqiqətləri görməkdən kor və kar olurlar. Nəticədə müdirlər, həmin şəxslərin nöqsanlarını görməz və kamal sifətlərini isə həddən artıq şişirdərlər. Bəzən iş o yerə gəlib çatır ki, onların nöqsanlarını kamal sifətləri kimi görməyə başlayarlar.

Əmirəl-möminin (ə) buyurur: "4 şey dövlətlərin məhv olmasına səbəb olar:

1 və 2. Üsulid-dini kənara qoyub, füruid-dinlə məşğul olmaq.

3 və 4. Alçaq insanları irəli itələmək və fəzilət sahiblərini geridə saxlamaq".

Yəni, rəhbər elə olmalıdır ki, mühüm mövzularda ikinci dərəcəli deyil, məhz birinci dərəcələri çətinlikləri aradan qaldırmağa çalışmalıdır.

Bununla yanaşı, rəhbərlik edən şəxs öz yaxınlarından və qohumlarından olan mənəviyyatsız və təcrübəsiz insanları işə almaq və tərifləmək yerinə, fəzilət sahiblərinə üstünlük verməlidir. Ancaq bu zaman irəli gedə və tərəqqi edə bilər və öz şəxsi tərəqqisi ilə cəmiyyətin inkişafına öz töhfəsini vermis olar.

Bununla yanaşı, əgər insan fəzilət əhlidirsə, onun təcrübəsi və həmin sahəyə aid elmi də olmalıdır. Bütün bunlar tədqiq edildikdən sonra, həmin şəxs işə qəbul edilməlidir.

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, elə bir şəxsi işçi və ya müdir təyin edər, o halda ki, müsəlmanların arasında bu işə daha layiq, Qurana və sünnətə daha agah birinin olduğunu bilər - belə bir vəziyyətdə Allaha, Rəsuluna (s) və bütün möminlərə xəyanət etmiş olar".

Həzrət Rəsuli-Əkrəm (s) buyurur ki, əgər müdir və ya işçi seçirsənsə, bilməlisən ki, həmin şəxsin bu işə ləyaqəti vardır və eyni zamanda Qurana və sünnətə agahdır. Həzrət Peyğəmbər (s) bu yolla müdirin malik olmalı sifətlərini sadalayır. Bizə xəbərdarlıq edir ki, əgər belə bir insan ola-ola, başqa birini müdir seçərsinizsə - o zaman bütün İslam aləminə xəyanət etmiş olarsınız.

Xəyanət isə kəbirə günahlardan biridir.

Əmirəl-möminin (ə) buyurur: "Həqiqətən, Allah haqq rəhbərlərinə vacib etmişdir ki, özlərini zəif insanlarla eyni həddə salsınlar. Ona görə ki, yoxsulların əllərinin boş olması onları həyəcan və üsyana çəkməsin".

Bu hədisdən belə nəticələr çıxartmaq olar:

1. Müdir və rəhbər - üzərinə böyük məsuliyyət alan bir şəxsdir ki, bu məsuliyyətin ağırlığını hiss etməlidir.

2. Müdir - haqq rəhbəri olmalıdır. Yəni, Allahını, Peyğəmbərini (s), dinini tanıyan bir şəxs olmalıdır.

3. Özünü yoxsullarla eyni səviyyəyə salmaq dedikdə, sadə yaşamaq nəzərdə tutulur. Yəni, yeməyindən tutmuş, geyiminə qədər səmimi olaraq özünü yoxsullara bərabər tutmalıdır. Necə ki, Məsumlarımız (ə) bu cür olmuşdular.

4. Yoxsullar öz rəhbərlərini bu halda görən zaman, öz kasıb həyatları onlara ağır gəlməz və belə bir yaşayışa görə üsyan etməzlər.

Beləliklə deyə bilərik ki, əxlaqın müxtəlif sahələri vardır ki, onlardan biri də müdirlik və rəhbərlik əxlaqıdır. Hər kim bu əxlaqa riayət edərsə, o zaman irəli gedər və tərəqqi edə bilər.

İqtisadi əxlaq.

İslam dininin nəzərinə görə, iqtisadiyyat - ictimai həyatın ən əhəmiyyətli sahələrindən biridir. Dinimiz müsəlmanları bir-birinin işlərini islah etməyə və bir-birinə yardım etməyə vəzifələndirmişdir.

Zənginlərə buyurmuşdur ki, yoxsulların əlindən tutsunlar. O kəslər ki, bu əxlaqi vəzifədən boyun qaçırdarlar - iqtisadi balansı təhlükə altına salarlar. Ona görə də Allah bu cür insanları kəskin şəkildə tənqid və məzəmmət edir.

İmam Sadiq (ə) buyurur: "O kəs ki, səhəri edər və niyyəti müsəlmanların işini islah etmək olmazsa - müsəlman deyildir. O kəs ki, yardıma çağıran müsəlmanın səsini eşidər və ona yardım üçün tələsməzsə - müsəlman deyildir".

Səmaə nəql edir ki, İmam Sadiqə (ə) belə bir sual verdim: "Bir dəstə insan toxdur və öz xərclərindən əlavə olan sərvətləri toplayıb, yığırlar. Halbuki, müsəlman qardaşlar kəskin şəkildə möhtacdırlar və zəkat belə, onlara kifayət etmir. Məgər rəvadırmı ki, onlar tox olsunlar, halbuki, müsəlman qardaşları bu ağır ruzigarda ac qalsınlar?".

İmam (ə) buyurdu: "Müsəlman, müsəlmanın qardaşıdır. Gərək ona zülm etməsin. Gərək onu tək qoymasın və xar etməsin. Gərək onu məhrum etməsin.

Bu səbəbdən müsəlmanlara lazımdır ki, qardaşcasına və bərabər halda səy göstərsinlər. Bir-birinə yardım və köməkdə, hacət sahiblərinin hacətini yerinə yetirməkdə səy göstərsinlər. Allahın əmrində olduğu kimi, bir-birinə qarşı mehriban və bağışlayan olsunlar".

İmam Sadiq (ə) buyurur: "Nə zaman bizim davamçılarımızdan biri başqa müsəlmanın yanına gedər və ondan hacəti üçün yardım istəyər və o da qüdrəti olduğu halda, yardım etməzsə - Allah da onu, hacətlərin qəzasına görə bizim düşmənlərimizə giriftar edər ki, bu işinə görə Qiyamət günü ona əzab versin".

Həzrət Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Əgər mömin, mömin qardaşının ehtiyacı olan şeyi ki, özündən və ya başqalarından ona çatdıra bilər, məhrum edərsə - Allah onu Qiyamət günü qara üzlə, tərs çönmüş gözlərlə, boynundan asılan əlləri ilə həbs edər və elan olunar ki, bu, həmin xaindir ki, Allaha və Rəsuluna (s) xəyanət etmişdir.

Sonra əmr olunar ki, onu atəşə atsınlar".