Çoxmənzilli binaların “çoxmərtəbəli problem”lərinə


Digərləri 19 Fev 2019 21:22:00 257 0

Çoxmənzilli binaların “çoxmərtəbəli problem”lərinə

Çoxmənzilli binaların qeydiyyatı ilə bağlı qurumların yaratdığı "çoxmərtəbəli problem"lər prezident İlham Əliyevin bugünkü fərmanı ilə öz həllini tapacaq.

Son.az oxu.az-a istinadən bildirir ki, hazırda yalnız Bakı şəhərində çoxmənzilli və istismara qəbul edilməyən binaların sayının 800-ə yaxın olduğu bildirilir.

Orta hesabla hər binada 150 mənzil götürsək, bu, 120 minə yaxın mülkiyyətçinin hüquqlarının qorunması deməkdir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, həmin binaların əksəriyyətində yaşayış var. Bu fərmana görə, yan divarları və dam örtüyü olan binaların da istismara götürülməsində problem olmayacaq. Hətta texniki şərtlərin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına xüsusi göstərişlər də verilib.

"Çoxmənzilli binaların bəzilərinin Fövqəladə Hallar Nazirliyindən müvafiq rəyi vardı. Sadəcə, Bakı Şəhər İcra Hakimiyyəti xüsusi qaydalar tətbiq edirdi. Belə ki, hansısa tikinti şirkətinin təqdim etdiyi sənəddə cüzi qüsurlar olurdusa, onu əsas götürərək, Bakı Şəhər İcra Hakimiyyəti onu istismara qəbul etməkdən imtina edirdi.

Düzdür, istismara qəbul olunmayan binalara texniki şərtlər almaq mümkün idi, ancaq bu, mülkiyyət hüquqlarının təmin olunması, çıxarışların verilməsi və qeydiyyat sənədləri ilə bağlı çətinliklər yaradırdı. Bundan sonra ən azı Bakı Şəhər İcra Hakimiyyətinin istismara qəbuldan imtina ilə bağlı əsası bitmiş olacaq. Əgər Fövqəladə Hallar Nazirliyi istismara yararlılıq haqqında rəy verirsə, icra hakimiyyəti artıq onu istismara qəbuldan imtina edə bilməyəcək".

Qeyd edək ki, fərmanda konkret müddətlər qoyulub. Belə ki, Fövqəladə Hallar Nazirliyi iki ay müddətinə bu binaları hazırlamalıdır, bir həftə müddətində Arxitektura və Şəhərsalma Komitəsi müayinənin nəticəsindən asılı olaraq, istismara alınması ilə bağlı yazılı rəy verməlidir. Bundan sonra sənədlər Bakı Şəhər İcra Hakimiyyətinə təqdim ediləcək. Dərhal Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həmin binaların reyestrini həyata keçirəcək.