Elmar Məmmədyarov Türkiyə parlamentinin nümayəndə heyəti ilə görüşdü


Siyasət 19 Fev 2019 20:32:00 180 0

Elmar Məmmədyarov Türkiyə parlamentinin nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ilə görüşdü.

Son.az xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Şamil Ayrım ölkəmizə səfəri çərçivəsində keçirdikləri görüşləri, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduqlarını məmnunluqla qeyd etdi və aparılmış fikir mübadiləsini yüksək dəyərləndirdi.

Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına öz növbəsində, parlamentlərarası dostluq qruplarının töhfə verəcəklərini söyləyən Türkiyə millət vəkili, bu xüsusda dostluq qrupları arasında səfər mübadilələrinin və təmasların artırılmasının əhəmiyyətini qeyd etdi.

Nazir Elmar Məmmədyarov iki qardaş ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da irəli aparılması baxımından parlament ölçüsünün əhəmiyyətini, xüsusilə də parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdi və parlamentarilər arasında müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdşlığın önəmini bildirdi.

Tərəflər qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.