Avstriya ilə nəqliyyat-tranzit əməkdaşlığı müzakirə edilib


Digərləri 19 Fev 2019 19:48:00 211 0

Avstriya ilə nəqliyyat-tranzit əməkdaşlığı müzakirə edilib

Mustafayev Avstriyanın “ÖBB Holding AG” dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev Avstriyanın “ÖBB Holding AG” dəmir yolları şirkətinin baş icraçı direktoru Andreas Mattenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin xüsusi əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Avropa İttifaqı ölkələri, o cümlədən Avstriya ilə əməkdaşlığın inkişafına böyük önəm verir. Ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir, 2018-ci ildə ticarət dövriyyəsi 2 dəfə artıb. Hazırda 50-yə yaxın Avstriya şirkəti Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank və sığorta, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərir. Bununla belə, iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur. Azərbaycanın əlverişli geostrateji mövqedə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, ölkəmizin böyük tranzit potensialını diqqətə çatdıran Şahin Mustafayev Avstriya ilə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı imkanlarını qeyd edib, nəqliyyat strukturları arasında əlaqələrin genişləndirilməsinin, qarşılıqlı məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıb.