Ekspert: "Əli Kərimli vətəndaş qarşıdurması yaratmağa çalışır, son çırpınışlarıdır"


Siyasət 19 Fev 2019 19:01:00 236 0

Ekspert: "Əli Kərimli vətəndaş qarşıdurması yaratmağa çalışır, son çırpınışlarıdır"

Əli Kərimli və onun kimilərin əsassız iddiaları xalqın gözündə heç bir dəyəri olmayan bu ünsürlərin son çırpınışlarıdır.

Son.az bildirir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə qeyd edib ki, fərqli və uğurlu inkişaf modeli, müasir və daha çevik idarəetmə mexanizmi, vətəndaşlara ən yüksək səviyyədə diqqət, qayğı və digər faktlar bugünkü Azərbaycanın reallıqlarıdır. Ölkəmizlə bağlı daxildə və xaricdə baş verən hadisələr həqiqətən də təqdirəlayiqdir və xalq tərəfindən böyük rəğbətlə qarşılanır:

"Ulu öndər Heydər Əliyevin siyasətinin, möhtərəm Prezidentimizin 15 illik siyasi fəaliyyətinin müstəqil Azərbaycanın inkişafında müstəsna yeri və rolu var. Sadəcə bir neçə statistik rəqəmə diqqət yetirmək kifayətdir. Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,3, maaşlar 7, pensiyalar 9, valyuta ehtiyatları 24 dəfə artıb, işsizlik və yoxsulluğun həddi 5 faizə enib. Bununla yanaşı, 102 məcburi köçkün düşərgəsi salınıb, 300 min məcburi köçkün mənzillə təmin edilib, şəhid ailələrinə 7 minə yaxın mənzil, müharibə əlillərinə 6 mindən çox avtomobil verilib. Sözsüz ki, yüzlərlə, minlərlə belə fakt sadalamaq olar. Sadəcə, illərdir özünü xalqa müxalifət kimi təqdim edən, əslində isə xarici anti-Azərbaycan dairələrə işləyən Əli Kərimli və onun kimi qrant hərisləri bu gerçəklikləri görməyərək nadürüst əməllərindən əl çəkmirlər. Ona görə də Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən mükəmmməl islahatların və əldə olunan uğurların daxili antimilli ünsürləri narahat etməsi "başadüşüləndir".

Ekspert bildirib ki, dünya dəyişir, inkişaf edir. Bu mənada Azərbaycan da öz inkişafının yeni mərhələsinə qədəm qoyub: "Təbii ki, müasir dövrün çağırışlarına uyğun islahatlar həyata keçirmək daha aktualdır. Ölkə rəhbərliyi bunu görür və gələcək planlar, strategiyalar bu aktuallığa uyğun olaraq qurulur, müəyyən edilir. Əli Kərimli kimilərinin ölkəmizlə bağlı "planları" isə hər zaman xaricdə qurulur və ona tezis formasında ötürülür. Təbii ki, bu "planlar" Azərbaycan üçün yaxşı heç nə vəd etmir. Əli Kərimli günbəgün yeniləşən və inkişaf edən Azərbaycanın uğurlarını həzm edə bilmir və vaxtilə öz liderinə xəyanət edərək qazandığı "təcrübəni" Azərbaycanda tətbiq etməyə can atır. Bu gün dünya ölkəmizin "ASAN xidmət" inqilabından yararlanır, Əli Kərimli isə vətəndaş qarşıdurması yaratmağa, Suriyanın "inqilab təcrübəsini" tətbiq etməyə çalışır. Bu günlərdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz "Facebook" səhifəsində yerləşdirdiyi "Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları" sərlövhəli məqaləsində bu məsələlərə toxunub və müxalifəti faktlar qarşısında qoyaraq Əli Kərimlinin iç üzünü bir daha xalqa nümayiş etdirib. Hesab edirəm ki, cənab Əli Həsənovun fikirləri Əli Kərmlinin bu illər ərzindəki fəaliyyətinə verilən ən tutarlı qiymətdir".

Baş redaktor əlavə edib ki, Ə.Kərimli və onun kimilərin əsassız iddiaları xalqın gözündə heç bir dəyəri olmayan bu ünsürlərin son çırpınışlarıdır: "Bu gün biz möhtərəm Prezidentimizin simasında əsl liderlik nümunəsi görürük. Ölkəmizin başçısı şəhid ailələrinə kompensasiya ödənilməsi ilə bağlı sərəncam imzalayır, minimum əməkhaqları təqribən 40 faiz artırılır, tələbələrin təqaüdləri yüksəlir, qaçqınlara və məcburi köçkünlərə müasir mənzillər və evlər verilir, yeni iş yerləri yaradılır, bir sözlə, xalqın sosial rifahını daha da yaxşılaşdırmaq üçün lazım olan bütün addımlar atılır. Ancaq Əli Kərimli və onun kimilər yenə narazıdır. İnsan öz xalqına, Vətəninə bu qədərmi düşmən kəsilə bilər?! Görünür, Əli Kərimlidə xalq, Vətənlə bağlı heç bir mənəvi dəyər qalmayıb. Bu cür dəyərsiz insanların sözü də dəyərsiz olur".