Azərbaycandan xarici ölkələrə uçuş istiqamətlərinin sayı artırılacaq FOTO


Digərləri 19 Fev 2019 15:13:00 234 0

Azərbaycandan xarici ölkələrə uçuş istiqamətlərinin sayı artırılacaq  FOTO

Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda ayrı-ayrı dövlət qurumlarının rəhbər şəxsləri, Avropa İttifaqının nümayəndələri, səfirlər və bank sektorunun təmsilçiləri iştirak edib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iclasda çıxışı zamanı bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində beynəlxalq nəqliyyat sisteminə inteqrasiya, infrastrukturun inkişafı, davamlı maliyyələşmə, xidmətlərin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin asanlaşdırılması və sosial rifahın yüksəldilməsi təmin edilir:

"Ölkəmiz Qafqaz regionundan keçən Avrasiya nəqliyyat bağlantılarının inkişafı üzrə bir sıra layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. 2017-ci il 30 oktyabr tarixində istismara verilmiş Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bölgə üçün strateji əhəmiyyət kəsb edir, Avropa və Asiyanın dəmir yolu şəbəkələrinin region üzərindən ən qısa birləşməsini təmin edir. Eynilə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bölgədə ən əhəmiyyətli tranzit nöqtəsi olaraq, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə yük və sərnişindaşımalarının həyata keçirilməsində əsas rol oynayacaq".

Nazir qeyd edib ki, hazırda ölkəmizdə avtomobil yolları infrastrukturunun inkişafı və müasir yol şəbəkəsinin yaradılması ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir.

R.Quluzadə Xəzər regionunda multimodal daşımaların geniş tətbiqi, dəniz daşımalarının tezləşdirilməsi və həcminin artırılması üçün yeni bərələr və tankerlərin alınaraq istifadəyə verildiyini də vurğulayıb:

"Dəniz və quru nəqliyyatı ilə yanaşı, mülki aviasiya sektorunun inkişafı da bizim üçün prioritet istiqamətlərdən biridir. Bu məqsədlə son illərdə bir çox işlər görülüb. "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarə parkı yeni və müasir təyyarələrlə tam yenilənib. Hazırda AZAL-ın təyyarələri Avropa, MDB məkanı, Amerika və bir sıra Asiya ölkələrinə mütəmadi uçuşlar həyata keçirir. Gələcəkdə uçuş istiqamətlərinin sayının artırılması və ölkəmizin bu sahədə tranzit potensialının tam istifadə edilməsi istiqamətində müvafiq tədbirlər görülür".

Nazir ölkəmizin tranzit potensialının artırılması məqsədilə beynəlxalq əməkdaşlığın, o cümlədən, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında əlaqələrin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.


Xəbərə aid fotolar