BANMda “PMI Azerbaijan 2019” sammiti keçirilib


Digərləri 19 Fev 2019 12:22:00 241 0

BANMda “PMI Azerbaijan 2019” sammiti keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) Layihə idarəetmə İnstitutunun (PMI - Project Management Institute) yaradılmasının 50-ci ildönümünə həsr olunan "Müvafiq layihə idarəetmə metodlarının tətbiqi və onların müasir idarəetmədə rolu" adlı "PMI Azerbaijan 2019" sammiti keçirilib.

Bu barədə Son.az-a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Tədbir BANM-in təşkilati dəstəyi ilə PMI-ın Azərbaycandakı nümayəndəliyi - PMI Azerbaijan Chapter (Potential) tərəfindən təşkil olunub. Sammitdə informasiya texnologiyaları, sənaye, tikinti, maliyyə və təhsil sahələrində fəaliyyət göstərən dövlət və aparıcı özəl təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.

Tədbirin aparıcısı Kənan Məmmədov tədbiri açaraq təşkilatın yaradılması və fəaliyyəti barədə qısa məlumat verib. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, sammit iştirakçılarını salamlayaraq layihə idarəetməsi sahəsində mütəxəssislərin hazırlanmasının və müasir idarəetmə metodlarının bütün sahələrdə tətbiq olunmasının vacibliyini vurğulayıb. Ali məktəbin inkişafı, fəaliyyəti və nailiyyətləri haqqında danışarkən rektor bildirdi ki, BANM-in nəzdində PMI-ın bütün standartları əsasında hazırlanan xüsusi təlim proqramı - Layihə idarəetmə məktəbi uğurla fəaliyyət göstərir. Bu proqramın məzunlarını ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatlarını almış milli və beynəlxalq şirkətlərin onlarla aparıcı əməkdaşları təşkil edir. Çıxışının sonunda rektor Elmar Qasımov sammit iştirakçılarına uğurlar arzulayıb.

Birinci paneldə ilk olaraq PMI-ın Azərbaycan Nümayəndəliyinin İdarə Heyətinin sədri Emil İsmayılxanovun məruzəsi dinlənildi. O, təşkilatın inkişaf perspektivlərindən, qarşıda duran məsələlər və fəaliyyət proqramından danışdı. PMI nümayəndəliyinin Türkiyədəki vitse-prezidenti, Türk Hava Yolları şirkətinin layihə və portfel meneceri Ömür Benekin təqdimatı nümayəndəliyin işinə və onun regional və beynəlxalq PMI təşəbbüslərində iştirakına həsr edilmişdi. Sessiya, PMI-ın Azərbaycandakı İdarə Heyətinin üzvü Nigar Cəfərovanın "Məktəblilər üçün layihə idarəetmə dərsləri" layihəsinin həyata keçirilməsi üçün nəzərdə tutulan tədbir və strategiyalar barədə çıxışı ilə sona çatdı. Sonda suallar cavablandırılıB.