İnfeksiya yayan dönərçilər FOTO


Digərləri 18 Fev 2019 13:04:00 258 0

İnfeksiya yayan dönərçilər  FOTO

Bakıda, demək olar ki, hər  küçədə dönərxanaya rast gəlmək mümkündür. Qeyri-rəsmi məlumatlara görə, hazırda Bakı ərazisində 15 mindən çox dönərxana fəaliyyət göstərir ki, bunların da əksəriyyətində gigiyena normalarına əməl edilmir.

Öncə məlumat üçün qeyd edək ki, dönər üçün ət təzə olmalı, mənfi 40 dərəcə olmaqla şok dondurmadan keçirilib, bükülüb, xüsusi avtomobillər vasitəsilə dönərxanalara çatdırılmalıdır. 40 dərəcə mənfi şok verən, xüsusi formada dönər ətlərini hazırlayan avadanlıqlar kifayət qədər bahadır.  Sexlərdə isə, təbii ki, bu avadanlıqlardan istifadə edilmir.

İndiyə qədər bu və ya digər problemlərlə bağlı mətbuatda çoxsaylı yazılar dərc olunub.

Son.az xəbər verir ki, "Yeni Müsavat" dönərxanalarla bağlı başqa təhlükəli məqamı araşdırıb.

Öncə diqqətimizi o cəlb etdi ki, şəhərdə fəaliyyət göstərən əksər dönərxanalarda kassir mövcud deyil. Dönərçi dönərxanada əlcəksiz formada hazırladığı dönəri, elə özü də satır, pul əskinaslarını müştəridən alıb, qutusuna qoyur. Daha sonra isə yenidən öz işinə davam edir. Dönərxanalarda olduğumuz zaman dönərçinin pul əskinaslarını sayması, dəstələməsi hallarını müşahidə etdik. Əksər dönərxanaların içərisində əl yumaq üçün şərait mövcud deyil. Dönərçilər minlərlə adamın əlindən keçən pul əskinaslarına toxunduqdan sonra əllərini yumurlar.

Bu barədə dönərçilərin özləri ilə söhbətimiz zamanı onların əksəriyyəti puldan hansısa infeksiyanın keçməsinin mümkün olmadığını iddia etdilər.

Bundan əlavə adətən dönərxanalarda marladan düzəltdikləri əskilərin olduğunu müşahidə etdik ki, dönərçilər gün ərzində bu əski ilə həm stolu, həm də əllərini silərək, anti-gigiyenik şəraitdə fəaliyyət göstərirlər.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev modern.az saytına açıqlamasında bildirib ki, vətəndaşımızın hər bir dönərxanadan ətin keyfiyyəti barədə sənəd tələb etmək hüququ var: "Vətəndaşlara dönər olaraq qida təklif edən hər bir sahibkar istehlakçının suallarına cavab verməyə borcludur. Bu, bizim nəzarət obyektlərimizdən biridir. Bu kimi neqativ hallarla bağlı istehlakçılardan Agentliyin 1003 qaynar xəttinə şikayətlər də daxil olur. Hər bir şikayət  aidiyyəti üzrə araşdırılır və qanunvericilik çərçivəsində tədbirlər həyata keçirilir".

Bəs hər gün xeyli sayda pul əskinasına toxunan dönərçinin hazırladığı dönər alıcını hansı xəstəliklərə yoluxdura bilər?


Xəbərə aid fotolar